"İraqı Çexoslavakiyanın taleyi gözləyir". “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İraqın kürd muxtar bölgəsinin başçısı Məsud Barzani deyib. Onun sözlərinə görə, İraqın qaçılmaz dağılmasından sonra kürdlərin öz dövlətlərinin olması haqqı var. M. Barzani bildirib: “Yaxın Şərq və Avropada tarix göstərdi ki, Birinci və İkinci dünya müharibələrindən sonra yaradılmış dövlət reallıqları tutarsız, saxta olublar. Çexoslavakiya və Yuqoslaviya dağıldılar, hazırda bu, Sayksa-Piko paktının mirası ilə də baş verir”. M. Barzani qeyd edib ki, fəlakətə və məhrumiyyətə məruz qalmış xalqlar qorunmaları və gələcəkdə inkişaf etmələri üçün torpaq qismində lazımi kompensasiya almalıdırlar: “Kürdlərin Qərbi Avropa xalqlarının əldə etdiyi kimi öz dövlətlərinin olması haqqı var. Müstəqil Kürdistan Yaxın Şərqə sabitlik gətirəcək. Bu, regionda böhranların sayını azaltmağa imkan verəcək”.
Xatırladaq ki, müəlliflərinin – britaniyalı və fransız diplomatların - soyadları ilə adlandırılmış Sayska-Piko sazişi Birinci dünya müharibəsinin yekunları üzrə Yaxın Şərqdə təsir dairələrini bölüşürüb və regionda müasir sərhədlərin müəyyənləşdirilməsi üçün zəmin rolunu oynayıb. M. Barzaninin rəhbəri olduğu kürd bölgəsi 2005-ci ildə konstitusiya üzrə İraqın tərkibində qanuni geniş muxtariyyət əldə edib. Bundan sonra bölgə rəhbərliyi gələcəkdə müstəqillik haqqında referendum keçirilməsi niyyətini dəfələrlə bəyan edib. Kürd muxtar bölgəsinin öz hökuməti, parlamenti və prezidenti, eləcə də silahlı qüvvələri – “peşmərgə” (kürdcədən tərcümədə “qabaqlayıcı ölüm”) var.