İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq “Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin və mükafatların hesablanması və ödənilməsi Qaydaları”nı təsdiq edib.
İTSDA-nın mətbuat xidmətindən verilən "Yeniavaz.com"a məlumata görə, fevral ayından icbari tibbi sığorta sistemində çalışan həkimlərin əmək haqları iki baza və mükafat hissədən ibarətdir.
Bildirilir ki, baza hissəsi üzrə həkimlərin əmək haqları artırılıb. Ginekologiya doğum şöbəsi, Reanimasiya şöbəsi, Cərrahiyyə şöbəsi, Endoskopiya ixtisası üzrə çalışan həkimlərin əmək haqları 540 manat, Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyası, Fizioterapiya şöbəsi, Terapiya şöbəsi, Vərəm şöbəsi, Yoluxucu xəstəliklər şöbəsi, Poliklinika şöbəsi, Hemodializ şöbəsində çalışan həkimlərin 240 manat, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin 200 manat, Radiologiya şöbəsinin həkimlərinin 740 manat, Ailə sağlamlıq mərkəzinin həkimlərinin isə 360 manat artırılıb: “Cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən 228 manat məbləğində əmək haqqı alırdısa, icbari tibbi sığorta sistemində çalışan cərrahın əmək haqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olacaq. Şöbə rəhbəri vəzifəsi funksiyalarını yerinə yetirən həkimlərin iş yükünün və gərginliyinin nəzərə alınması məqsədilə onların əmək haqları qeyd edilən əlavələrin 15%-i həcmində artırılacaq. Mükafat hissəsinə gəldikdə isə, bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılıdır. Həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunur. Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir. Uşaq şöbəsində, Uşaq Nevrologiya sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlər üçün normativ müəyyən edilməyib”.
Qeyd olunub ki, Terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasientə, yuxarı normativ isə 20 pasientdən yuxarı olmamaq şərti ilə tibbi xidmətin göstərilməsidir: “Yuxarı normativə əsasən həkimlərə prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.
Terapevt ixtisası üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 12 pasientə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativ gündəlik 20 pasientdən yuxarı olmamaq şərti ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək. Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkim üçün aylıq normativ 10 pasiyentə əməliyyatın, habelə fizioloji doğuş daxil olmaqla göstərilməsidir. Həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20%-i həcmində mükafat veriləcək. İnzibati xərclər dedikdə əməliyyat zamanı istifadə olunan tibbi sərfiyyatın, dərman vasitələrinin dəyəri, habelə kommunal xərclər nəzərdə tutulur. Konkret nümunə üzərində dayanaq. Tutalım, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri ƏDV daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla, 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanacaq: 590 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 413 manat qalır. 413 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 82 manat 60 qəpik edir.
Reanimasiya şöbəsində həkim üçün aylıq normativ 10 pasientə narkozun verilməsidir. Hər anesteziya (yerli anesteziya istisna olmaqla) üçün həkimə 10 manat məbləğində mükafat veriləcək. Mama-ginekoloq ixtisası üzrə çalışan həkimlər üçün normativ tətbiq olunmur. Sığortaolunan hesab edilməyən şəxslərə tibbi xidmətlər göstərildikdə, həkim müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat alacaq.
Beləliklə, iki aydan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin gündəlik normativləri yerinə yetirib-yetirməməyini təhlil ediləcək. Normativləri yerinə yetirməyən həkimlərə yalnız normativ hüquqi aktlarla tənzimlənən əmək haqqı ödəniləcək, yəni, onlara icbari tibbi sığorta sistemində nəzərdə tutulmuş əlavə ödənişlər ödənilməyəcək. Pilot layihə çərçivəsində həkimlərin mükafatlarının hesablanması prosesini asanlaşdırmaq məqsədilə hələlik həkimlərə kəmiyyət faktoru üzrə mükafatlar veriləcək. İcbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq edildiyini nəzərə alsaq, gələcəkdə bu prosesin təkmilləşdirilməsi və keyfiyyət amilinin mükafatlandırma meyarlarına daxil edilməsi nəzərdə tutulur”.
Esmira Hidayətova