Ay ərzində adambaşına 265,7 manat xərcləmişik

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 1,3% üstələyərək 2,6 milyard manata bərabər olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, istehlakçılara 1,3 milyard manatlıq və ya 2016-cı ilin yanvar ayına nisbətən real ifadədə 0,8% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,7% çox qeyri-ərzaq məhsulları satılıb.

Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,1%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar ayında istehlak məhsullarının 12%-i hüquqi şəxs statuslu müəssisələr, 54,1%-i fərdi sahibkarlar tərəfindən, 33,9%-i isə bazar və yarmarkalarda satılıb.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265,7 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 31,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 133,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

DİGƏR XƏBƏRLƏR

Top