MTK-lar vergidən belə yayınırmış - Hüquqşünasdan AÇIQLAMA

Yeni tikililərdən mənzil alanlar arasında narazı qalanlar da kifayət qədərdir. Onlar öz hüquqlarını müxtəlif yollarla qorumağa, daha doğrusu, pozulmuş hüquqlarını müxtəlif yollarla bərpa etməyə çalışırlar. Belələri arasında məhkəmələrə müraciət edənlər də kifayət qədərdir. Lakin necə deyərlər, "öz taleyi" ilə barışıb, mənzil tikinti kooperativlərinin (MTK) qoyduğu qayda-qanunlarla oturub-duranlar da var. MTK-ların vətəndaşların hüquqlarını pozmaları ilə bağlı kifayət qədər faktlar var. Bu problemlərin həllində vətəndaşlara dəstək olmağa çalışanlardan biri də hüquqşünas Qaçay Şahbazovdur.

"Qiyməti, satılan məbləği göstərmirlər"

Qaçay müəllim "Yeniavaz.com" saytına açıqlamasında belə problemlərin həllinin heç də asan olmadığını bildirdi. Onun sözlərinə görə, bəzi MTK-lar müxtəlif rəsmi şəxslərin adlarını hallandırmaqla hakimlərə təziq göstərməyə çalışırlar.

"Mənzillər vətəndaşlara satılır və müqavilə bağlanılır. Şifahi razılaşmaya uyğun olaraq olaraq mənzil vətəndaşa deyək ki, 50 min manata satılır. Lakin maliyyə arayışı veriləndə qeyd olunur ki, vətəndaş pulu tam ödəyib. Ancaq qiyməti, satılan məbləği göstərmirlər. Alqı-satqı müqaviləsində isə mənzilin qiyməti tamamilə ucuz göstərilir. Bununla həmin MTK-lar vergidən yayınırlar. Təəssüflər olsun ki, vergi təşkilatları bu məsələyə zəif münasibət bildirirlər. Alıcıdan 50 min manat alınırsa, sənədləşmədə 20 min manat göstərilirsə, bu kobud qanun pozuntusudur. 30 min manat mənimsənilir, dövlətin maliyyə-vergi siyasətinə xəyanət edilir".

"Vətəndaşların birindən 5000 manat artıq pul alınıb"

Qaçay Şahbazovun sözlərinə görə, hazırda icraatlarında 3 belə fakt var: "Sənəddə daşınmaz əmlakın dəyəri vətəndaşdan alınan pul qədər görünmür... Hər bir əmlakın qiyməti var. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində vətəndaşın verdiyi pul qədər yox, tamam başqa rəqəm göstərilir. Yəni deyək ki, göstərilməli idi 60 min manat, amma göstərilir 30 min manat. Sabah onun alqı-satqısı da qanunvericiliyə uyğun olmayacaq. Vətəndaşlar aldadılır. 1 saylı inzibati iqtisadi məhkəməsinə ərizə ilə müraciət etmişik. Vətəndaşların birindən isə 5000 manat artıq pul alınıb. Mənzilin kvadratını artıq göstərməklə vətəndaşdan artıq pul alıblar. Biz həmin məbləğin geri qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişik. Amma təəssüflər olsun ki, bu hakim o yana atır, o hakim bu yana atır. Elə bilirsiniz baxırlar? Belə hallar çoxdur".

"Nümayəndələri bəzən heç məhkəmələrə də gəlmirlər"

Qaçay Şahbazovun sözlərinə görə, eyni mənzilin 2-3 nəfərə satılması halları da çoxdur: "Bir mənzil vətəndaşa 41 min manata satıldığı halda, başqa birinə 50 min manata satılıb. Hər ikisi aldadılıb. Aldadanlar, yəni MTK-ların nümayəndələri bəzən heç məhkəmələrə də gəlmirlər. Bəziləri isə bir nümayəndə göndərirlər, o da gəlir baxır, baxır və çıxıb gedir. Deyirlər hakimlər hansı qərarı qəbul edər edər. Bununlada iş bitir. Qiyməti rəsmi sənədlərdə ucuz göstərilən vətəndaşlar sabah çıxılmaz vəziyyətə düşüb bankdan kredit götürəndə də problemlə üzləşəcəklər. Notarial qaydada alqı-satqı müqaviləsində qeyd olunur ki, filan dəyərdə mənzil filan qiymətə vətəndaşa satıldı. Halbuki vətəndaş həmin mənzil üçün 30 min yox, 100 min pul ödəyib. Bu isə o deməkdir ki, vətəndaşlar aldadılır, dövlət aldadılır, bir qrup adam isə qanunu pozur, vergidən yayınır. Bu məsələyə vergi əməkdaşları ya nəzarət edə bilmir, ya da etmək istəmirlər".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top