Ali məktəblərə qəbul qaydaları niyə dəyişir? - "Gedib başqa ölkələrin bazarlarında göyərti satmasınlar"

Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının iki dəfə keçiriləcəyini deyib.

Onun sözlərinə görə, qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə cari ilin və ya əvvəlki ilin məzunu olmasından asılı olmayaraq hər iki imtahanda iştirak etmək imkanı verilir: "Yəni abituriyentlərin iki şansı olacaq. Lakin abituriyentlər hər iki imtahanda iştirak edərlərsə, eyni ixtisas qrupunu seçməlidirlər. Bir imtahanda birinci, digər imtahanda ikinci ixtisas qrupunu seçə bilməzlər. Müsabiqə isə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaq. Əgər abituriyent hər iki imtahanda iştirak edibsə və bir imtahandan 400, o biri imtahandan 410 bal toplayıbsa, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edəcək”.

Ölkəmizdə qəbul imtahanlarının ildə iki dəfə keçirilməsinin həddindən artıq sevindirici və xoş xəbər olduğunu vurğulayan təhsil eksperti, professor Şahlar Əsgərovun sözlərinə görə, indiyə qədər ali məktəbə qəbul sözünün arxasında şəxsi mənafe gizlənirdi. Düşünürdülər ki, bu qəbul prosesindən qazanc əldə edim, varlanım:

"Gənclərin savadlanması və gələcəkdə layiqli vətəndaş olması ikinci planda qalırdı. İndi isə o ikinci planda qalan məsələ ön plana keçdi. Dövlət öz gəncinə qayğı göstərir. Dövlət əlindən gələni edir ki, gənci küçədə qalmasın, ali məktəbə daxil olsun. Gedib bəzi zərərli dəstələrə qatılmasın və yaxud da başqa ölkələrin bazarlarında göy-göyərti satmasın. Ali məktəbə qəbul olunsun və səliqəli-mədəni mühitdə böyüsün. Bu mənada məlum qərar məni hədsiz dərəcədə sevindirir. Əsas məqsədimiz bu olmalı deyil ki, o uşaq universitetə qəbul olunsun və buradan gəlir əldə edim. Dövlətimizin məqsədi o olmalıdır ki, orta məktəbi qurtaran gənclərin əksəriyyəti ali məktəblərdə təhsil alsın. Əvvəlcə imtahanlar ildə bir dəfə təşkil olunurdu. İndi artıq abituriyentlərə ikinci şans da verilir. Artıq gənclər birinci şansdan yararlana bilməyəndə sınmayacaq. Biləcək ki, ikinci imtahan da var və onda istifadə edəcək. Hələ qarşıda onun arzularının reallaşması üçün imkanın olduğunu düşünəcək. Ona görə də bu addımı alqışlayıram”.

Gənclərimizin ali təhsillə əhatə olunma əmsalının çox az olduğunu vurğulayan professor həmişə nümunə göstərir ki, Cənubi Koreyada ali təhsilli insanların sayı 95 faiz təşkil edir. Amerikada da 85 faizdən çoxdur:

"Yəni küçədə gedən 100 adamın 85-i ali təhsillidir. Bu haqda çox yazmışam, hətta o qədər çox yazmışam ki, bu mövzunu özüm üçün köhnəlmiş sayıram. Sağ olun ki, məlum mövzunu gündəmə gətirirsiniz”.

Məsələyə münasibət bildirən Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət də açıqlamasında abituriyentlərə hər iki imtahanda iştirak etmək imkanının yaradılmasını müsbət qarşıladığını və bu sistemi dəstəklədiyini deyib:

"Bilirik ki, imtahan stressi bütün abituriyentlərə psixoloji təsir edir. Keçirdiyi həyəcan isə ona biliyini tam şəkildə ortaya qoymağa imkan vermir və o, yüksək nəticə göstərə bilmir. Hesab edirəm ki, abituriyentlərin iki dəfə imtahana girməsi bu cür tələbələr üçün ikinci şansdır. Artıq ikinci imtahana qədər birinci imtahanda aşağı nəticə göstərən abituriyent diqqətini toplaya və ikinci imtahanda yaxşı nəticə göstərə bilər. Bu proses həyata keçirildiyi halda artıq birinci imtahan abituriyentlər üçün bir növ sınaq rolunu oynayacaq. Artıq ikinci imtahana isə daha ciddi yanaşacaq və bütün biliyini cəmləşdirib sualları cavablandıracaq. İnanıram ki, bu addım gələcəkdə abituriyentlərin imtahan verməsi prosesində bir stimul rolu oynayacaq, qorxunun qarşısını alacaq”.

A.Həsrətin sözlərinə görə, bu sistemin tətbiqindən sonra uşaqların əlində "stressə düşdüm, yaza bilmədim” kimi bəhanələr də olmayacaq:

"Hətta zəif iradəli uşaqlar var ki, imtahanda zəif nəticə göstərəndə intihara belə əl atırdılar. İmtahanların iki dəfə keçirilməsi onlar üçün də yaşam şansı olacaq. Hesab edirəm ki, bu şans digər ixtisas qruplarına da şamil edilməlidir”.Sherg.az

DİGƏR XƏBƏRLƏR

Top