Ölkəmizdə xalqın özünüidarəetmə forması olan bələdiyyənin yaranma tarixi o qədər də çox deyil. Ötən müddətdə onun möhkəm hüquqi bazası yaradılaraq, bələdiyyə sisteminin müstəqil qurum kimi inkişafına hərtərəfli qayğı və yardım göstərilib. Ağaş rayonunun Orta Ləki kənd Bələdiyyəsinin sədri Faiq Mahmudovla da elə bu mövzuda - sosial -iqtisadi məsələlərin həllində, əhalinin rifah halının yaxşılaşmasında bələdiyyələrin necə iştirak etməsi barədə söhbətləşdik.
- Faiq müəllim, bələdiyyəniz göstərilən etimadı doğrulda bilirmi?
- Bələdiyyəmiz rayonun ən böyük bələdiyyələrindən biridir. 11 bələdiyyə üzvündən 2-si qadın, 5 nəfəri isə gənclərdən ibarətdir. Hazırda bələdiyyəmizdə yerli sosial müdafiə, sosial inkişaf məsələləri, gənclərlə iş, yerli büdcə və ekologiya məsələləri üzrə daimi komissiyalarımız iş planlarına əsasən, fəaliyyət göstərirlər. Ötən il ərzində bələdiyyəmiz kənd əhalisinin maddi rifah halının yüksəldilməsi, aztəminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması, kənd yollarının və magistiral yol kənarlarının abadlaşdırılması istiqamətində bir sıra zəruri işlər həyata keçirib. "Hər bələdiyyə bir layihə" çərçivəsində iki layihə həyata keçirmişik. Birinci layihə çərçivəsində bələdiyyənin hesabına ərazimizdə yerləşən suvarma arxlarının qazılıb yenidən təmizlənməsinə 1500 manat, ikinci layihə çərçivəsində Orta Ləki və Yuxarı Ləki kəndlərinin mərkəzi yollarının çınqıllanmasına 3000 manat xərclənib. Beləliklə, biz əsas diqqətimizi sosial yönümlü məsələlərin həllinə yönəltmişik. Şühbəsiz, ekoloji mühitin təmiz saxlanılması da işimizdə əsas yelərdən birini tutur.
- Gəlirlərin belə kəsirlə yerinə yetirilməsinin səbəbləri araşdırılırmı?
- 2016-cı ildə illik büdcəmiz 32 min 300 manat nəzərdə tutulmuşdu. Təəssüf ki, il ərzində cəmi 7852 manat vergilərdən vəsait yığılaraq bələdiyyənin hesabına daxil edilib. Bu da illik faktiki gəlirlərimizin 56 faizini təşkil edir. Bundan əlavə, icarə haqqından və torpaq satışından da vəsait əldə etmişik. Dövlət büdcəsindən bələdiyyəmizə 2620 manat dotasiya verilib. Həmin vəsait də abadlıq işlərinə xərclənib. Etiraf etməliyəm ki, torpaq və əmlak vergilərinin yığılmasında nöqsanlarımız çoxdur. Torpaq və əmlak vergilərinin yığılmasında geriləmələrin əsas səbəblərindən biri vergi xidməti orqanının işini düzgün qura bilməməsidir. Xüsusilə, ötən il son 10 ilin ən aşağı göstəricisi ilə işləməyimiz bu sahədə fəaliyyətimizi əsaslı sürətdə yaxşılaşdırmağımızı tələb edir. Vergi ödəyicilərinin vergiləri vaxtında ödəmələri üçün onlar arasında maarifləndirici söhbətlər, izahatlar aparırıq.
- Əhalinin qayğıları öyrənilirmi, onların ərizə və şikayətlərinə necə münasibət göstərilir?
- Məlumat üçün bildirim ki, əhalinin qayğı və ehtiyaclarının öyrənilməsinə, onların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin həllinə diqqət artırılıb. Ötən il ərzində bələdiyyəmizə 47 ərizə, 31 məktub daxil olub. Ərizə və məktublarda qaldırılmış məsələlərə qanunvericlikdə nəzərdə tutlmuş qaydada baxılıb və cavablandırılıb. Ümumiyyətlə, 14 bələdiyyə iclası keçirilib və müxtəlif mövzularda 32 məsələ müzakirə edilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən əhalinin sosial-məişət problemlərini əhatə edib. Bələdiyyə rəhbərliyi tərəfindən 93 nəfər vətəndaş qəbul edilib, onlaırn qaldırdıqları məsələlər əsasən öz həllini tapıb. İdman yarışlarının keçirilməsinə, kənd məktəblərinin təmirinə maddi köməklik göstərilib.
Bu il görüləcək işlərimiz çoxdur. Prezident İlham Əliyevin və Rayon İcra Hakimiyyətinin qarşımıza qoyduqları vəzifələrin yerinə yetirilməsi üçün daha çox məsuliyyət hissi ilə çalışmalıyıq. Birinci növbədə nöqsanlarımızı aradan qaldırmalıyıq. Əhatə etdiyimiz Orta Ləki və Yuxarı Ləki kəndlərinin sosail-iqtasidi inkişafı, adamların maddi rifah halının yaxşılaşması, bizim əsas vəzifələrimizdən biridir. Birinci növbədə adamlarımızı yerli özünüidarəetmə prosesinə daha geniş cəlb etməliyik. Bu torpaq və əmlak vergilərinin yığılmasına, yeni iş yerlərinin açılmasına, beləliklə bələdiyyəmizin büdcəsinin möhkəmlənməsinə, işimizdə aşkarlığın təmin edilməsinə kömək göstərəcəkdir.
Pərviz Əliyev