"Görüdüyüm, müşahidə etdiyim odur ki, 18 yaşını keçmiş gənclər analarının üzünə durur". Yeniavaz.com xəbər verir ki, bunu "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.
Qeyd edək ki, M. Zeynalova bunu rəhbəri olduğu təşkilatın sığınacağında yaşayan xanımların başına gələnlərə əsasən qeyd edib. Bu sığınacaq 2002-ci ildə fəaliyyətə başlayıb. Hazırda sığınacaqda 40-a yaxın qadın var, onların bəziləri uşaqlıdır.
M. Zeynalova: "Dünəndən özümə gələ bilmirəm. Qız anaya deyir ki, "bu adam", "ay xanım", atası üçün "bunun əri" və s. Heç bir hiss və bağlılıq görmədim. Ana gözünün yaşını tökür, onun bütün tələblərini yerinə yetirir. Maraqlısı odur ki, uşaq maddi dəstəkdən imtina etmir, amma mənəvi bağlılıq, övlad kimi öhdəlik və məsuliyyəti yaxına buraxmır. İkinci hal isə qızın atasına etdiyi eyni tələbdir. "Mənə ev almalısan.. Haradan istəyirsən al, amma söz vermisən, etməlisən" deyirdi. Qeyd edim ki, hər iki gəncdə qətiyyən əxlaq problemi yoxdu, amma baş da yoxdur. Dəyər, bağlılıq, sevgi hec nə müşahidə edilmir. İndi yenə başqa bir övlad təşkilatımızın sığınacağında çətin vəziyyətdə olan anasına telefonla belə səpgidə tələb göndərib. Bildirib ki, başqalarının anaları övladları üçün hər sey edir, sən ana deyilsən".
M. Zeynalova son vaxtlar belə halları tez-tez müşahidə etdiyini bildirib.