Mənsur Abbas HƏMAS-ı terror təşkilatı kimi tanıdığını bəyan edib


İsraildə fəaliyyət göstərən Raam partiyasının lideri Mənsur Abbas HƏMAS-ı terror təşkilatı kimi tanıdığını bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, Abbas İsrailin “12-ci Kanal”ına müsahibəsində HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunu terror aktı kimi qiymətləndirib.
Müsahibə zamanı jurnalist Mənsur Abbasdan 7 oktyabr hücumundan əvvəl və hücum zamanı təhlükəsizlik sahəsində yol verilmiş nöqsanları araşdırmaq üçün müstəqil komissiyanın yaradılmasını nəzərdə tutan qanun layihəsinin müvafiq hissəsini oxumasını istəyib.
Abbas sənəddə yer alan “HƏMAS-ın rəhbərlik etdiyi terror təşkilatları” ifadəsini səsləndirib və bununla da HƏMAS-ın terror təşkilatı kimi tanındığını təsdiqləyib. İsrail mediası bu açıqlamanı Raam liderinin HƏMAS-la bağlı ilk belə açıq etirafı kimi dəyərləndirib.
Abbas indiyədək bu ifadədən niyə istifadə etmədiyi ilə bağlı suala cavabında məsələnin İsraildəki ərəb cəmiyyətinin vəziyyəti, Fələstin xalqına münasibət və ümumilikdə İsrail-Fələstin münaqişəsi ilə bağlı müxtəlif həssas məqamları əhatə etdiyini bildirib.
O, həmçinin belə bir bəyanatın siyasi rəqibləri tərəfindən qadınlar və uşaqlar da daxil olmaqla, bütün Fələstin xalqına qarşı müharibəyə haqq qazandırmaq üçün istifadə oluna biləcəyindən narahat olduğunu vurğulayıb.
Mənsur Abbasın açıqlaması İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti əvəzləyə biləcək yeni koalisiyanın yaradılması ilə bağlı müzakirələrin getdiyi bir vaxta təsadüf edir.
Netanyahunun əsas siyasi rəqiblərindən biri olan Qadi Eisenkot gələcək hökumət koalisiyasına qoşulmaq istəyən partiyalar üçün HƏMAS-ın terror təşkilatı kimi tanınmasını şərt kimi irəli sürüb.
Mənsur Abbas isə Eisenkotun hökumət qurmaq səylərini dəstəklədiyini bildirib. O, Raam partiyasının yeni koalisiyaya həm onun formalaşmasının ilkin mərhələsində, həm də sonradan qoşula biləcəyini istisna etməyib.
Raam liderinin sözlərinə görə, əsas məqsəd yalnız Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq deyil, həm də tam dördillik fəaliyyət müddətini başa vura biləcək sabit hökumət qurmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top