
Mərhum Roma Papası Fransisk şeytanı üç dəfə gördüyünü və bir dəfə cəhənnəmin qapıları ilə qarşılaşdığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun şəxsi gündəliyindən parçaların yer aldığı “Papa Fransiskinin Mənəvi Gündəliyi” kitabında məlumat dərc olunub.
AGI agentliyinin kitabdan gətirdiyi sitata görə, Papa Fransisk gündəliyində belə yazıb: “Mən cinlərin hiyləgərcəsinə səmada gəzdiyini kəşf etdim”.
Məlumata görə, Fransisk sağlığında şəxsi gündəliyinin ictimaiyyətə açıqlanmasını istəyib və bu məqsədlə kardinal Viktor Manuel Fernandezdən nəşrin hazırlanmasına kömək etməsini xahiş edib. Fernandez mərhum papanın istəyini yerinə yetirmək üçün Katolik Kilsəsinin hazırkı rəhbəri Papa XIV Levdən icazə alıb.
Gündəliyin 24 yanvar 2021-ci il tarixli qeydlərindən birində Fransisk şeytanla ilk qarşılaşmasının təxminən 15 il əvvəl baş verdiyini bildirib.
“Onu maşının pəncərəsindən gördüm. Onun qorxunc, eyni zamanda cazibədar gözlərini heç vaxt unutmayacağam”, – deyə o yazıb.
Papa şeytanla ikinci görüşünün Karmelit kilsəsində baş verdiyini qeyd edib. Onun sözlərinə görə, həmin vaxt iblisin gözləri “odlu” olub.
Üçüncü qarşılaşma isə Romada yaşanıb.
“Mən onu gördüm və səsini eşitdim: “Qalib, hər şeyə qadir”. Onun səsinin güclü xırıltısını unuda bilmirəm”, – deyə Fransisk gündəliyində yazıb.
Bundan başqa, Papa Fransisk 7 iyun 2018-ci il tarixində yatmazdan əvvəl cəhənnəmin qapılarını gördüyünü qeyd edib. O, bu görüntünü “bütpərəst xəyal” adlandırıb və ondan qurtulmaq üçün dini muncuqlardan istifadə etdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz