
Son bir ildə işçilərin sayında ən böyük artım turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu sahədə çalışan muzdlu işçilərin sayı 65 min 508 nəfərdən 85 min 170 nəfərə yüksəlib. Artım 19 min 662 nəfər və ya 30 faiz təşkil edib.
Bu sahənin daxilində içki və yeməklərin satışı ilə əlaqədar xidmətlərdə çalışanların sayı daha sürətlə artıb. Belə ki, bu göstərici 37 faiz artaraq 52 min 910 nəfərdən 72 min 462 nəfərə çatıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 1 oktyabr tarixində muzdlu işçilərin sayında ən böyük azalma inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində baş verib.
Bu sahədə çalışanların sayı 68 min 670 nəfərdən 60 min 787 nəfərə düşüb. Azalma 7 min 883 nəfər və ya 11,5 faiz təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycanda muzdlu işçilərin ən çox çalışdığı iqtisadi fəaliyyət sahəsi ticarət və nəqliyyat vasitələrinin təmiri olub.
Bu sahədə 334 min 719 nəfər çalışıb. Bu, ölkə üzrə bütün muzdlu işçilərin təxminən 18,7 faizini təşkil edir.
İşçilərin sayına görə növbəti yerlərdə aşağıdakı sahələr qərarlaşıb:
Təhsil – 315 998 nəfər;
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi – 153 792 nəfər;
Emal sənayesi – 140 886 nəfər;
Tikinti – 123 032 nəfər;
Dövlət idarəetməsi və müdafiə, sosial təminat – 109 413 nəfər;
Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 85 170 nəfər;
Nəqliyyat və anbar təsərrüfatı – 79 475 nəfər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz