Paşinyan yeni Konstitusiya layihəsini təqdim edib – Azərbaycanın tələbi yerinə yetirilib


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyasının layihəsini ictimaiyyətə təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında paylaşım edərək layihənin tanışlıq və müzakirəsi üçün xüsusi olaraq yaradılmış veb-sayta keçid yerləşdirib.
Baş nazir bildirib ki, yeni Konstitusiya layihəsi vətəndaşların rahat şəkildə sənədlə tanış olması və öz təkliflərini təqdim etməsi üçün hazırlanmış xüsusi internet platformasında dərc olunub.
“Əziz xalqım, əziz Ermənistan Respublikasının vətəndaşları! Bu məqsədlə xüsusi olaraq yaradılmış veb-saytda Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini təqdim etməkdən məmnunam.
Veb-sayt hər bir vətəndaşın yeni Konstitusiyanın layihəsini oxuması və təkliflərini verməsi üçün mümkün qədər rahat şəkildə yaradılıb”, – deyə Paşinyan yazıb.
Məlumat üçün bildirək ki, Ermənistan konstitusiyası ilk dəfə 1995-ci ildə qəbul olunub. Sonuncu dəfə isə Ermənistan konstitusiyasına 2005-ci ildə dəyişikliklər edilib.
Ermənistan konstitusiyasına giriş hissəsində qeyd olunub ki, erməni xalqı Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunan milli məqsədlərini əsas götürərək Konstitusiyasını qəbul edir.
Ermənistanın Müstəqillik Bəyannaməsinin giriş hissəsində isə qeyd olunur ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Bəyannamənin 11-ci maddəsində qeyd olunur ki, Ermənistan Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının tərəfdarıdır. Məlumdur ki, Ermənistanda “Qərbi Ermənistan” ifadəsi dedikdə indiki Türkiyə ərazisinin şərq hissələri nəzərdə tutulur. Türkiyədə və eləcə də Azərbaycanda belə hesab edirlər ki, “Qərbi Ermənistan” ifadəsi Türkiyəyə qarşı ərazi iddiasıdır.
Məhz buna görə də Azərbaycan Ermənistan konstitusiyasının giriş hissəsində qeyd olunan “Ermənistanın Müstəqillik Bəyannaməsi” ifadəsinin çıxarılmasını tələb edib.
Qeyd edək ki, Paşinyanın təqdim etdiyi yeni Konstitusiyasının layihəsində “Ermənistanın Müstəqillik Bəyannaməsi” ifadəsi çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top