2035-ci ilə qədər dünyada neftə tələbat 4,4 milyon barel azala bilər


Dünyada enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan addımlar qlobal neftə tələbatın azalmasına səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) açıqladığı illik hesabatda yer alan proqnoza görə, hökumətlər elektrikləşdirməni, enerji səmərəliliyini artırmağı və idxal olunan yanacaqlardan asılılığı azaltmağı sürətləndirərsə, 2035-ci ilə qədər qlobal neft tələbatı 4%-dən çox azala bilər.
Hesabatda qeyd olunur ki, mövcud hökumət siyasətləri ilə müqayisədə əlavə enerji təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi nəticəsində 2035-ci ildə gündəlik neft tələbatı 4,4 milyon barel az ola bilər.
Agentliyin hesablamalarına əsasən, enerji təhlükəsizliyi tədbirlərinin sürətləndirildiyi ssenaridə qlobal neft istehlakı 2035-ci ildə gündəlik 97 milyon barelə, 2050-ci ildə isə 85 milyon barelə qədər enə bilər. Mövcud siyasətlərin davam etdirilməsi halında isə 2035-ci ildə neftə gündəlik tələbatın 101 milyon bareli ötəcəyi proqnozlaşdırılır.
Eyni ssenariyə görə, təbii qaza tələbat da mövcud siyasətlər əsasında hazırlanmış proqnozla müqayisədə 300 milyard kubmetrdən çox azalacaq.
Beynəlxalq Enerji Agentliyi hesabatında Hörmüz boğazında uzunmüddətli fasilələrin enerji bazarlarına təsirini də qiymətləndirib. Bu çərçivədə hökumətlərin və bazar iştirakçılarının mümkün böhranlara reaksiyasını əhatə edən yeni stress-test ssenarisi hazırlanıb.
Qeyd edək ki, enerji təhlükəsizliyi siyasətlərinin yenidən nəzərdən keçirilməsinə Yaxın Şərqdə baş verən münaqişə təkan verib. Münaqişə qlobal neft və qaz ticarətində tarixdə ən böyük təchizat pozuntularından birinə səbəb olub.
Hücumlar nəticəsində Fars körfəzi ölkələrinin enerji ixracı üçün əsas marşrut olan Hörmüz boğazında gəmi hərəkəti məhdudlaşıb. Dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri bu strateji su yolundan həyata keçirilir.
Agentliyin məlumatına görə, münaqişə nəticəsində Fars körfəzindən ümumilikdə 2,8 milyard barel neft və 60 milyard kubmetr qaz tədarükü itkisi qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top