İsrail 2006-cı ildə iranlı generalı İstanbulda qaçıraraq öldürüb – NYT


“New York Times” (NYT) qəzeti İsrailin 2006-cı ildə iranlı general Əli Rza Əsgərini İstanbulda qaçırdığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, qəzetin araşdırmasına görə, İsrail Əsgərinin yoxa çıxmasına görə indiyədək məsuliyyəti üzərinə götürməyib.
NYT bu barədə üç keçmiş ABŞ rəsmisinin danışdıqlarına istinad edib. Araşdırma çərçivəsində Əsgərinin həyat yoldaşı ilə yanaşı, İran, İsrail və Livan rəsmiləri, həmçinin hadisədə iştirak etmiş şəxslər də daxil olmaqla onlarla insanla söhbət aparılıb. Mənbələrin bir qismi hərbi və kəşfiyyat sirlərindən danışdıqları üçün adlarının açıqlanmasını istəməyib.
Nəşrin məlumatına görə, İsrail 1986-cı ildə Livanda itkin düşən hərbçi Ron Aradın İrana aparıldığından şübhələnirdi. İsrail tərəfi Əsgərinin bu məsələ ilə bağlı məlumatlı ola biləcəyini düşünürdü.
Ron Arad 1986-cı il oktyabrın 16-da Cənubi Livan üzərində uçan F-4 “Phantom” qırıcı təyyarəsində silah sistemlərinə cavabdeh zabit olub. İddialara görə, onun atdığı bomba vaxtından əvvəl partlayaraq təyyarəyə ciddi ziyan vurub. Bundan sonra 28 yaşlı Arad paraşütlə təyyarədən tullanıb və daha sonra Livanın şiə “Əməl” hərəkatı tərəfindən əsir götürülüb. İsrail ordusu Aradı hazırda itkin hesab edilən yeganə hərbçisi kimi tanıyır.

General “Ceylan Hotel”ə daxil olduqdan sonra yoxa çıxıb
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi bölməsi olan “Qüds qüvvələri”ndə general vəzifəsində xidmət etmiş, daha sonra İranın müdafiə nazirinin müavini postunadək yüksəlmiş Əsgərinin həyat yoldaşı Ziba Əhmədinin sözlərinə görə, o, 2006-cı ilin dekabrında İstanbula uçub və “Ceylan Hotel”də yerləşib. “Hizbullah” rəhbərləri ilə yaxın münasibətləri olan general həmin hotelə daxil olduqdan sonra bir daha görünməyib. Onun yoxa çıxması kəşfiyyat dünyasının ən müəmmalı hadisələrindən biri olaraq qalıb.
Əhmədi qəzetə açıqlamasında bildirib ki, iranlı müstəntiqlər ona İsrail agentlərinin hotel otağına daxil olaraq generalı narkotik vasitə ilə huşsuz vəziyyətə saldıqlarını və qaçırdıqlarını deyiblər. Onun sözlərinə görə, müstəntiqlər əməliyyatda istifadə olunan avtomobili Qara dəniz sahilində tərk edilmiş vəziyyətdə aşkarlayıblar. Əhmədi ərinin Ron Aradla bağlı şübhələrə görə İsrail tərəfindən qaçırıldığını vurğulayıb.

Keçmiş ABŞ rəsmiləri: “Qaçırdılar, dindirdilər və öldürdülər”
İllər sonra ABŞ və İran nüvə sazişi və məhbus mübadiləsi ilə bağlı danışıqlar apararkən iranlılar amerikalı həmsöhbətlərindən itkin generalın taleyi barədə də soruşublar. Vaşinqton isə hadisəyə aidiyyəti olmadığını bildirib.
Lakin danışıqlarda iştirak etmiş keçmiş ABŞ rəsmilərindən birinin sözlərinə görə, İsrail rəsmiləri Əsgərinin öldüyünü amerikalılara bildiriblər. İsraillə sıx əməkdaşlıq etmiş üç keçmiş ABŞ rəsmisi də NYT-yə açıqlamalarında “Mossad” agentlərinin generalı qaçırdığını, həftələrlə dindirdiyini və daha sonra öldürdüyünü iddia ediblər. Onların sözlərinə görə, general qayıqda dindirilərək Qara dənizə atılıb.
Məqalədə qeyd olunur ki, “Mossad” generalı itkin düşmüş israilli pilot Ron Aradın taleyi barədə mümkün məlumatlarına görə sorğu-sual edib. Lakin Əsgərinin bu məsələ ilə əlaqəsinin olduğu təsdiqlənməyib.
Generalın cəsədinin dənizin hansı hissəsinə atıldığı barədə isə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top