İran Göy Məsciddə erməni şairə niyə “yer ayırdı”: Rəsmi Tehran Paşinyanı “öz silahı” ilə vurur?


Məlum olduğu kimi, İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin İrəvana səfəri çərçivəsində Ermənistan paytaxtındakı Göy Məsciddə erməni şair Yeqişe Çarentsin adını daşıyan zalın açılışı olub.
Yeniavaz.com
xəbər verir ki, bu hadisə Ermənistanda müzakirələrə səbəb olub.
Ermənistan mətbuatında və sosial şəbəkələrdə aparılan müzakirələrdən belə görünür ki, insanlar Göy Məsciddəki bir otağa Yeqişe Çarentsin adının verilməsini Tehranın İrəvana hansı mesajları vermək istəməsilə əlaqələndirirlər.


Yeqişe Çarents kimdir?
Yeqişe Çarents (əsl adı Yeqişe Abqari Soqomonyan) 13 mart 1897-ci ildə Rusiya imperiyasının tərkibində olan Qars şəhərində, indiki Türkiyə ərazisində anadan olub. Ailəsinin əslən İranın Maku şəhərindən olduğu bildirilir.
O, XX əsr erməni ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri, şair, yazıçı və tərcüməçi kimi tanınıb. İlk şeiri 1912-ci ildə dərc olunan Çarents sonralar erməni ədəbiyyatında mühüm yer tutan bir sıra əsərlər yazıb.
Birinci Dünya müharibəsi illərində rus ordusunun tərkibindəki erməni könüllü dəstələrinə qoşulan şair sonralar bolşevik ideyalarını dəstəkləyib və kommunist hərəkatında iştirak edib. O, bir müddət Bakıda erməni dilində nəşr olunan “Kommunist” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinə də rəhbərlik edib.
Çarentsin yaradıcılığında inqilab, millətçilik, sosializm və erməni cəmiyyətinin problemləri əsas mövzulardan olub. Onun ən məşhur əsərləri arasında “Dante əfsanəsi”, “Dəli kütlələr” və “Nairi ölkəsi” romanı xüsusi yer tutur.
1930-cu illərdə Stalin rejiminin repressiyalarına məruz qalan şair 1936-cı ildə həbs edilib. 1937-ci il noyabrın 27-də, 40 yaşında İrəvan həbsxanasının xəstəxanasında vəfat edib. 1954-cü ildə ölümündən sonra ona bəraət verilib.

“Nairi ölkəsi” romanında hansı ideyalar irəli sürülür?
Çarentsin ən çox müzakirə olunan əsərlərindən biri 1921–1924-cü illərdə yazdığı “Nairi ölkəsi” (“Yerkir Nairi”) romanıdır. Əsərdə hadisələr əsasən şairin doğulduğu Qars şəhərində, Birinci Dünya müharibəsi və Rusiya inqilabı dövründə cərəyan edir.
Qeyd edək ki, Nairi adı tarixən Van gölü və ətraf ərazilərlə əlaqələndirilən qədim tayfa birliklərinin adlarından biridir. Sonrakı dövrlərdə bu ad erməni tarixi və ədəbiyyatında xüsusi simvolik məna qazanıb.
Çarents isə romanında “Nairi ölkəsi” anlayışından satirik məna daşıyan bir obraz kimi istifadə edib. Əsərin əsas ideyalarından biri tarixi miflərlə real həyat arasındakı ziddiyyəti göstərməkdir.
Romanda müəllif xəyali keçmişə qapılan, reallıqdan uzaqlaşan, siyasi şüarlar və böyük vətənpərvərlik iddiaları ilə yaşayan cəmiyyəti tənqid edir. Əsərin qəhrəmanlarından biri olan Mazutlu Hamo və onun ətrafındakı yerli siyasətçilər “Nairi ölkəsini xilas etmək” kimi şüarlarla insanları arxasınca aparmağa çalışırlar.
Çarents bu obrazlar vasitəsilə siyasi avantürizmi, populizmi, yalançı vətənpərvərliyi və cəmiyyətin real problemlərindən uzaqlaşmasını tənqid edir.
Romanın diqqət çəkən məqamlarından biri də böyük ideallar və iddialarla başlayan proseslərin sonda Qarsın məğlubiyyəti və süqutu ilə nəticələnməsidir. Müəllif bununla tarixi reallıqları nəzərə almadan xəyali keçmişə və siyasi illüziyalara qapılmağın faciəvi nəticələrini göstərir.
Bu baxımdan, “Nairi ölkəsi” yalnız tarixi hadisələrdən bəhs edən roman deyil, həm də milli miflərin, siyasi iddiaların və reallıqdan uzaq vətənpərvərliyin tənqididir.

Paşinyan “Nairi ölkəsi”ndən necə istifadə edir?
Çarentsin bu əsəri son illərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi gündəliyində də xüsusi yer tutmağa başlayıb. Paşinyanın bu romandan istifadə etməsi onun irəli sürdüyü “Real Ermənistan” konsepsiyası ilə əlaqələndirilir.
Ermənistan mətbuatında yayılan məlumatlara görə, Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlara ad günləri münasibətilə Çarentsin “Nairi ölkəsi” romanını hədiyyə edir.
Paşinyan son dövrlərdə Ermənistanın gələcəyinin tarixi iddialar və xəyali ərazi təsəvvürləri üzərində deyil, mövcud dövlətin sərhədləri, təhlükəsizliyi və real imkanları əsasında qurulmasının vacibliyini vurğulayır.
Onun irəli sürdüyü “Real Ermənistan” yanaşması qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasını, mövcud sərhədlərin tanınmasını və regional kommunikasiyaların açılmasını nəzərdə tutur.
Çarentsin romanında tənqid olunan xəyali vətənpərvərlik və reallıqdan uzaq siyasi düşüncə ilə Paşinyanın “Real Ermənistan” konsepsiyası arasında müəyyən ideoloji paralellər aparmaq mümkündür. Baş nazirin kitabı öz komanda üzvlərinə hədiyyə etməsi də məhz bu baxımdan siyasi mesaj kimi qiymətləndirilir.
Xatırladaq ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan da 2023-cü ildə “Nairi ölkəsi” romanı ilə bağlı paylaşımı ilə diqqət çəkmişdi. O, İslandiyaya səfəri zamanı tələbəlik illərindən sonra ilk dəfə kitabı yenidən oxuduğunu, geri qayıdarkən isə onu təyyarədə unutduğunu yazmışdı. Akopyan kitabı təyyarədə unutmasını “Öz Nairi ölkəmi yadların arasında qoymuşam kimi hiss etdim” sözləri ilə ifadə etmişdi.
Həmin paylaşım Ermənistan ictimaiyyətində, xüsusilə müxalifət dairələrində müzakirələrə səbəb olmuşdu.

İran da Paşinyanı “öz silahı” ilə vurur?
Ermənistanda bəzi ekspertlər Göy Məsciddə Çarentsin adını daşıyan zalın açılmasını İranın Ermənistana ünvanladığı simvolik mesaj kimi də qiymətləndirir. Bildirilir ki, Tehran bununla İrəvana bir növ xatırladır ki, ölkənin gələcəyini uzaq coğrafiyalardakı siyasi vədlər və reallıqdan uzaq gözləntilər üzərində qurmaq düzgün strategiya deyil.
Paşinyanın “Real Ermənistan” konsepsiyası ilə Çarentsin “Nairi ölkəsi” romanı arasında qurduğu ideoloji əlaqə əslində İranın da istifadə edə biləcəyi bir məqamdır. Əgər Çarents öz əsərində xəyali vətənpərvərlikdən, tarixi illüziyalardan və real vəziyyəti düzgün qiymətləndirə bilməyən siyasi dairələrdən bəhs edirdisə, Tehran da Ermənistana eyni məntiqlə yanaşmağı təklif edir.
Rəsmi Tehran hesab edir ki, Ermənistanın qonşuluğundakı böyük regional güclə – İranla münasibətləri arxa plana keçirərək minlərlə kilometr uzaqlıqdakı ABŞ-ni əsas strateji müttəfiqə çevirməyə çalışması müəyyən mənada yeni bir siyasi illüziya təsiri bağışlayır.
Bu baxımdan Göy Məsciddə Çarentsin adının əbədiləşdirilməsi təkcə mədəni jest deyil, həm də siyasi simvolizm baxımından diqqətçəkən hadisədir. Paşinyan Çarentsin “Nairi ölkəsi” romanından istifadə edərək erməni cəmiyyətini tarixi xəyallardan uzaqlaşmağa və real Ermənistan qurmağa çağırırsa, İran da eyni şairin adı üzərindən İrəvana başqa bir reallığı xatırladır: qonşuluqdakı İranı nəzərə almadan, uzaqdakı ABŞ-nin siyasi himayəsinə arxalanaraq gələcək qurmaq da yeni bir “Nairi ölkəsi” xəyalına çevrilə bilər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top