Rəsmi Moskva bloger Andrey Lapşinin Azərbaycana təhvil verilməsinin əleyhinədir və Rusiya vətəndaşlarının üçüncü ölkələrə verilməsinin qəbuledilməz olduğunu təkid edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib. O bildirib ki, bu məsələ üzrə Moskvanın mövqeyini çatdırmaq üçün Belarus Xarici İşlər Nazirliyi və bu ölkənin səlahiyyətli orqanları ilə intensiv təmaslar həyata keçirilir.
Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib. Belarus Baş Prokurorluğu onun Azərbaycana təhvil verilmsi barədə qərar çıxarıb.