
“Ermənistan hakimiyyəti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsində əvvəlcə referendum keçirməli və vətəndaşların münasibətini öyrənməli, yalnız bundan sonra Brüsselə rəsmi müraciət göndərməlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
“Düşünürəm ki, əvvəlcə referendum keçirilməli və xalqın fikri öyrənilməli, bundan sonra Brüsselə rəsmi müraciət təqdim edilməlidir. Son dövrlərdə Ermənistan rəhbərliyinin açıq şəkildə bəyan etdiyi kimi, bunun əksi baş verməməlidir”, – diplomat bildirib.
Pankin qeyd edib ki, Baş nazir Nikol Paşinyan hökumətinin Avropaya inteqrasiya istiqamətində atdığı addımlar ziddiyyətli vəziyyət yaradıb. Onun sözlərinə görə, İrəvan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlükdən əldə etdiyi iqtisadi üstünlüklərdən başqa bir birliyə qoşulmaq ideyasını təşviq etmək üçün istifadə edir.
Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, ümumxalq səsverməsinin keçirilməsi Ermənistanın gələcək inteqrasiya istiqamətinin müəyyənləşdirilməsi baxımından konstitusion prosedura uyğun olardı.
Eyni zamanda, o, Aİ-yə üzvlüklə bağlı müraciət göndərildikdən sonra vətəndaşların fikirlərinin artıq nəzərə alınmayacağından narahatlığını ifadə edib.
Tətbiqimizi yükləyə bilərsiniz