Moskvada keçirilən kütləvi polis reydləri zamanı 100-dən çox şəxs saxlanılıb


Rusiyanın paytaxtı Moskvanın mərkəzində yerləşən “Kitay-Qorod” rayonunda polis əməkdaşlarının keçirdiyi kütləvi reydlər zamanı 100-dən çox şəxs saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ostorojno, novosti” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında yetkinlik yaşına çatmayan şəxslər də var. Onlar polis avtomobilləri ilə Moskvanın Basman və Taqanski rayon polis şöbələrinə aparılıblar. Yeniyetmələrin valideynləri isə övladlarının azadlığa buraxılmasını gözləmək üçün polis şöbələrinin qarşısına toplaşıblar.
Saxlanılan şəxslərin sözlərinə görə, polis şöbələrində onlardan bəzilərinə hərbi komissarlığa çağırış vərəqəsi təqdim edilib. Yetkinlik yaşına çatmış şəxslərə isə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq təklif olunub. Onlardan hər hansı birinin bu təklifi qəbul edib-etmədiyi məlum deyil.
Bəzi saxlanılanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının onlara qarşı zorakılıq tətbiq etdiyini bildiriblər.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi isə keçirilən reydləri “profilaktik tədbirlər” adlandırıb.
“Kommersant” nəşrinin məlumatına görə, qurum əməliyyatların ictimai yerlərdə spirtli içkilərin qəbul edilməsi də daxil olmaqla, müxtəlif hüquq pozuntularının qarşısının alınması və aşkar edilməsi məqsədi daşıdığını açıqlayıb.
Nazirliyin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, qanun pozuntularına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Bununla belə, qurum reydlər zamanı saxlanılan şəxslərin ümumi sayını açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top