
Ürəyimizi nə qədər tanıyırıq? Və ya onun necə işlədiyini bilirikmi? Elə isə gəlin, ürəyimizi daha yaxından tanımağa çalışaq...
Ürəyimiz qəfəs boşluğunda, iki ağ ciyər arasında və qəfəs sümüyünün altında yerləşir. Böyüklüyü təqribən yumruğumuz boydadır. Ağırlığı isə kişilərdə orta hesabla 300 qram, qadınlarda 250 qramdır. Ürəyin əsas vəzifəsi qanın damarlarda hərəkətini təmin etməkdir.
Ürək orqanizmimizdəki ən fədakar orqanlardan biridir. Ürəyimiz gündüz dəqiqədə 70 dəfə vurduğu halda, gecə dəqiqədə 55 dəfə vurur. Bu isə bir ömür üçün təqribən 2,5 milyard dəfə deməkdir.
Ürək lazım olan qidanı hüceyrələrə daşıyır. Eyni zamanda lazım olan oksigeni hüceyrələrimizə göndərir. Bu isə bizi lazım olan enerji ilə təmin edir. Biz də bu enerji ilə düşünə, danışa və ya yaza bilirik.
Ürəyimizlə birbaşa bağlı olan damarları uc-uca birləşdirsək, uzunluğu təqribən 268 min kilometrə çatar. Dünyanı əhatə edən dairənin təqribən 40 min km olduğunu nəzərə alsaq, bunun nə qədər böyük bir rəqəm olduğunu təsəvvür edə bilərik. Üstəlik, ürəkdən çıxan qan bu qədər məsafəni 13 dəqiqə ərzində qət edir və yenidən ilk mənbəyə, yəni ürəyə qayıdır.
Ürək normal şəraitdə gündə 100 min dəfə vurur. Bu isə dəqiqədə 5 litr, saatda 300 litr, gündə 7 ton, ildə isə 2600 ton qanın damarlara paylanması deməkdir. Xüsusi vəziyyətlərdə isə ürək (məsələn, həddindən artıq hiss və ya həddindən artıq hərəkət kimi) dəqiqədə 25 litrə qədər qan vura bilir. Əslində, başdan-başa bir sirr olan bu hadisəni adi insan ağlı ilə izah etmək qeyri-mümkündür.
Bəs ürəyimiz dincəlmir? Əlbəttə ki, dincəlir. Ancaq bu müddət o qədər qısadır ki, bunu hiss etmək çətindir. Ürək əsasən iki nəbz arasında dincəlir. Ürəyin bir dəfə qanla dolub boşalması orta hesabla 0,85 saniyə çəkir. Bunun 0,30 saniyəsi dolmaya, 0,45 saniyəsi isə boşalmaya sərf edilir.
Bir sözlə, ürəyin lüğətində dayanmaq yoxdur. Əks halda, nələr baş verəcəyini özünüz təsəvvür edə bilərsiniz.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz