Misir Şotlandiyadakı muzeydən 4 min illik mumiyanın qaytarılmasını istəyir


Misirin turizm və qədim abidələr naziri Şərif Fəthi Şotlandiyanın Qlazqo şəhərində yerləşən Kelvinqrov İncəsənət Qalereyası və Muzeyinin rəhbərliyinə müraciət edərək 4 min il yaşı olan kahin mumiyasının ölkəyə qaytarılmasını istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Biz danışıqlar aparır və lazımi tədbirlər görürük. Hadisələrin necə inkişaf edəcəyini gözləyək, çünki bu cür məsələlərin həlli o qədər də asan deyil”, – deyə nazir agentliyə bildirib.
Məlumata görə, oktyabr ayında etik mülahizələr səbəbindən kahin Nehtin mumiyası muzeyin ekspozisiyasından çıxarılıb. Muzey rəhbərliyi mərhumun özünün və ya onun nəslinin razılığının olmamasını əsas gətirərək üzəri naxışlarla bəzədilmiş sarkofaqı da nümayişdən götürüb.
Hesab olunur ki, Neht eramızdan əvvəl 1985-1797-ci illər arasında yaşayıb. Onun qalıqları XX əsrin əvvəllərində Misirdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. 1923-cü ildə isə Qlazqo şəhərinə hədiyyə olunub.

DİGƏR XƏBƏRLƏR

Top