
Çinin məşhur oyuncaq istehsalçısı “Pop Mart International Group Ltd.” şirkətinin gəlirləri “Labubu” oyuncaqlarına marağın azalması fonunda bu ilin üçüncü rübündə kəskin geriləyib.
Yeniavaz.com xəbər verir ki, şirkətin ilkin maliyyə məlumatlarına əsasən, sentyabrda başa çatan üç ay ərzində ümumi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 45-50 faiz azalıb. Halbuki ötən ilin müvafiq dövründə şirkətin gəlirləri təxminən 250 faiz artmışdı.
Hesabat dövründə şirkətin Çindəki gəlirləri 25-30 faiz, Şimali və Cənubi Amerika bazarlarında isə 70-75 faiz azalıb.
Satışlardakı kəskin geriləmə “Labubu” oyuncaqlarının viral populyarlığının yaratdığı yüksək tələbatın zəiflədiyini göstərir. 2025-ci ildə böyük maraq doğuran bu oyuncaqların populyarlığı şirkətin sürətli böyüməsinə səbəb olmuşdu. Lakin son aylarda həm Çin daxilində, həm də beynəlxalq bazarlarda onlara tələbat zəifləməyə başlayıb.
“Pop Mart” 2026-cı ili şirkət üçün korreksiya dövrü kimi qiymətləndirsə də, artım tempinin 2027-ci ildə də aşağı səviyyədə qalacağı ilə bağlı narahatlıqlar artır.
Şirkət rəhbərliyinin çərşənbə axşamı keçirdiyi brifinqdə bildirilib ki, cari rübdə pik satış mövsümünün başlaması ilə əlaqədar beynəlxalq bazarlarda müəyyən canlanma müşahidə olunur.
Məlumata görə, “Pop Mart”ın ABŞ-dəki mağazalarının sayı üçüncü rübdə 100-ü ötüb. İlin sonuna qədər Nyu-Yorkda flaqman mağazasının açılması, gələn ilin ilk yarısında isə ABŞ-də daha bir böyük mağazanın istifadəyə verilməsi planlaşdırılır.
Avropada da genişlənmə davam etdiriləcək. Gələn ilin birinci rübündə Milanda flaqman mağazasının açılması, Parisdə isə ikinci flaqman məkanının istifadəyə verilməsi nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz