“Sən” dili, yoxsa “mən” dili?


Cəmiyyətdə ən çox problem yaşadığımız məsələlərdən biri də bir-birimizi başa düşməmək və ya səhv başa düşməkdir. Təbii ki, bu, təkcə cəmiyyət üçün yox, ailə üçün də belədir. Digər tərəfdən, təhlükə səviyyəsi ailədə cəmiyyətlə müqayisədə daha yüksəkdir. Ona görə də, bu cür problemlərin baş verməməsi üçün, ilk növbədə, tərəflər özlərini düzgün ifadə etməyi bacarmalıdırlar. Əgər məsələyə valideyn-uşaq prizmasından baxsaq, yenə də eyni mənzərənin şahidi olarıq. Belə ki, valideyn özünü düzgün ifadə edə bilmirsə, deməli, uşaq necə hərəkət edəcəyini bilmir, ya da səhv hərəkət etmək məcburiyyətində qalır. Bu isə, nəticədə, valideyn-uşaq münasibətlərinin pozulmasına səbəb olur. Buna görə də, valideyn özünü düzgün ifadə etməli və bunun üçün “sən” dilindən yox, “mən” dilindən istifadə etməlidir. Elə isə “sən” dili və ya “mən” dili nədir?..
- “Sən” dili: “Sən” dilinin ən böyük problemi ittihamedici dil olmasıdır. Başqa sözlə, “sən” dili məsələnin asanlaşdırılmasına yox, çətinləşdirilməsinə xidmət edir. Digər tərəfdən, “sən” dilindən istifadə edən tərəf üzərinə heç bir məsuliyyət götürmür, əksinə bütün məsuliyyəti qarşı tərəfin üzərinə qoymağa çalışır. İndi də “sən” dili ilə bağlı bir neçə misal...
- “Sən” həmişə uşaq kimi hərəkət edirsən.
- “Sən” həmişə suyu yerə dağıdırsan.
- “Sən” heç vaxt tökdüklərini yığışdırmırsan və s...

Misallardan da göründüyü kimi burada əsas hədəf qarşı tərəfdir. Başqa sözlə, bu cümlələr qarşı tərəfi məsələyə yaxınlaşdırmaq üçün yox, uzaqlaşdırmaq üçündür. Nəticədə, məsələ həllini tapmaq əvəzinə, daha da dərinləşir. Ən təhlükəlisi isə, valideyn bu cür cümlələrlə ya uşağı passivləşdirir (yəni, uşağın özünəinamının itməsinə səbəb olur), ya da aktivləşdirir (yəni, uşağın aqressivləşməsinə səbəb olur).
- “Mən” dili: “Sən” dilinin əksinə “mən” dili ittihamedici dil deyil. Digər tərəfdən, “mən” dilindən istifadə edən tərəf məsuliyyəti qarşı tərəfin üzərinə qoymur, əksinə bütün məsuliyyəti öz üzərinə götürməyə çalışır. Həmçinin, valideynindən bu cür münasibət görən uşağın passivləşmək və ya aktivləşmək qorxusu da yoxdur. Bir sözlə, valideyn hər hansı bir problem yaşayırsa, bunu mütləq “mən” dili ilə ifadə etməlidir. Yalnız belə olduqda, problemin çətinləşdirilməsindən yox, asanlaşdırılmasından danışmaq olar. Bir də unutmayın ki, “sən” dilindən istifadə etməklə qurduğunuz hər cümləni “mən” dili ilə də qurmaq olar. İndi isə yuxarıda “sən” dili ilə verdiyimiz cümlələri “mən” dili ilə də verməyə çalışaq...
- “Mən” uşaq kimi hərəkət etməyi sənə layiq görmürəm.
- “Mən” sən suyu yerə dağıdanda çox narahat oluram.
- “Mən” sənin tökdüklərini yığışdıranda çox yoruluram...

Beləliklə, özünü “mən” dili ilə ifadə etməyə çalışan valideyn bu cümlələrlə uşağını məsələdən uzaqlaşdırmaqdan çox, yaxınlaşdırır. Digər tərəfdən, valideyn bu cümlələrlə uşağı ilə gələcək danışıqları üçün də zəmin hazırlayır.
Qeyd: Valideyn “mən” dilindən istifadə edərkən həm “səs” dilinə, həm də “bədən” dilinə xüsusi diqqət yetirməlidir. Əks halda, bu “mən” dilinin də bir mənası qalmaz.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top