
ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin üzvü, demokrat konqresmen Ceymi Raskin Rusiya dizel yanacağının alınmasının amerikalı şirkətlər üçün hüquqi nəticələrə səbəb ola biləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Merilend ştatını təmsil edən konqresmen Amerika Neft İnstitutunun (API), ABŞ Ticarət Palatasının və Yanacaq və Neft-Kimya İstehsalçıları Assosiasiyasının (AFPM) rəhbərlərinə ünvanladığı açıq məktubda Rusiya dizelinin alınmasına görə 1 milyon dollara qədər cərimə və 20 ilə qədər həbs cəzasının nəzərdə tutulduğunu iddia edib.
Raskinin sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsini “müstəsna və fövqəladə təhlükə” kimi qiymətləndirən Rusiya Neft İdxalının Dayandırılması Qanunu və 14066 saylı prezident fərmanı hələ də qüvvədədir. 2022-ci ilin əvvəlində Co Baydenin prezidentliyi dövründə qəbul edilən bu qərarlar Rusiyadan neft və neft məhsullarının alınmasını qadağan edir.
Konqresmen vurğulayıb ki, həm qanun, həm də prezident fərmanı Donald Trampın Ağ Evə qayıtmasından və Rusiya Prezidenti Vladimir Putinlə “dizel müqaviləsi” bağlamasından sonra da qüvvədə qalıb. Onun fikrincə, bu səbəbdən Rusiya dizelini idxal edən Amerika şirkətləri cinayət məsuliyyəti ilə üzləşə bilərlər.
Raskin qeyd edib ki, Tramp administrasiyası Bayden dövründə tətbiq edilən məhdudiyyətləri qanuni qaydada ləğv edə bilər. Lakin bunun üçün Rusiyanın davranışında müəyyən dəyişikliklər baş verməli və ABŞ Konqresinin təsdiqi alınmalıdır.
Konqresmenin açıqlamasına görə, bunun üçün Rusiya qoşunlarını Ukraynadan çıxarmağa və hərbi əməliyyatları dayandırmağa razılıq verməli, bu qərar Ukraynanın demokratik yolla seçilmiş hökuməti tərəfindən təsdiqlənməlidir. Bundan başqa, Moskva NATO üzvü olan dövlətlərə qarşı birbaşa hərbi təhdid yaratmağı dayandırmalı və Ukrayna xalqının öz rəhbərliyini müstəqil seçmək hüququnu tanımalıdır.
Raskin Trampın hazırkı xarici siyasətini “Vladimir Putinə xilasedici ip atmaq üçün ABŞ qanunlarını onların hüdudlarından kənara çıxarmaq cəhdi” kimi qiymətləndirib. O, həmçinin Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşmasına dair əlamətlərə baxmayaraq, Moskvanın İrana ABŞ-yə qarşı hərbi əməliyyatlarında kömək etməyə davam etdiyini bildirib.
Qeyd edək ki, oktyabr ayında ABŞ Konqresinin üzvləri Tramp administrasiyasının xarici siyasətini dəfələrlə tənqid ediblər. Hər iki partiyanın nümayəndələri Ukrayna ordusunun Starlink peyk rabitəsindən istifadəsinə qoyulan məhdudiyyətlərə və Putinlə əldə olunduğu bildirilən “dizel müqaviləsi”nə etiraz ediblər.
Respublikaçı senator, Senatda partiyasının keçmiş lideri Mitç Makkonnell də Rusiya ilə bağlı razılaşmaya görə Trampı kəskin tənqid edərək onu “mənəvi cəhətdən iflas etmiş” adlandırıb.
Oktyabrın ortalarında Tramp Rusiya ilə ikitərəfli münasibətləri yaxşılaşdırmağa yönəlmiş bir sıra addımlar atıb. O, Rusiya yanacağının Amerika və dünya bazarlarına tədarükünə razılıq verib və Moskvaya qarşı sanksiyaların tətbiqini təxirə salıb.
Daha sonra ABŞ Maliyyə Nazirliyi Rusiyadan dizel yanacağına tətbiq edilən sanksiyaları 2027-ci ilin aprelinə qədər dayandırıb. Bundan sonra Rusiya hakimiyyəti xaricə dizel yanacağı daşıyan ilk tankerin göndərildiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz