
2027-ci ildə dövlət büdcəsindən ən çox vəsaitin iqtisadi fəaliyyət ilə müdafiə və milli təhlükəsizlik istiqamətində ayrılması proqnozlaşdırılıb.
Yeniavaz.com Milli Məclisin müzakirəsinə təqdim olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir ki, 2027-ci ildə iqtisadi fəaliyyət xərclərinin 8 milyard 907,3 milyon manata çatdırılması nəzərdə tutulur. Bu istiqamət üzrə 2026-cı ildə 7 milyard 856,6 milyon manat xərclənməsi planlaşdırılıb ki, bu da 13,4 faiz artım deməkdir.
Müdafiə və milli təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manata çatdırılması gözlənilir. Bu, cari illə müqayisədə 1,13 faiz çoxdur.
Gələn il üçün ümumi dövlət xidmətlərinə 5 milyard 521,8 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata isə 4 milyard 914 milyon manat ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, gələn il büdcə xərclərində ən yüksək artımın aşağıdakı əsas istiqamətlər üzrə olacağı nəzərdə tutulub:
- İqtisadi fəaliyyət – 13,37 faiz artımla 8 milyard 907,3 milyon manat;
- Kənd təsərrüfatı – 12,47 faiz artımla 1 milyard 379,5 milyon manat;
- Ətraf mühitin mühafizəsi – 5,49 faiz artımla 438,6 milyon manat;
- Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 3,07 faiz artımla 3 milyard 438,6 milyon manat;
- Səhiyyə – 2,95 faiz artımla 2 milyard 84,1 milyon manat.
Alt istiqamətlərdə isə daha kəskin artımlar nəzərdə tutulur. Məsələn, nəqliyyat və rabitəyə ayrılan vəsaitin 286,9 milyon manatdan 785,1 milyon manata yüksəldilməsi planlaşdırılır. Bu, 173,66 faiz artım deməkdir.
Kənd təsərrüfatı tədbirləri üzrə xərclərin 44,69 faiz, icbari tibbi sığorta fonduna ayrılan vəsaitin isə 22,22 faiz artırılması nəzərdə tutulur. Sonuncu istiqamət üzrə məbləğ 900 milyon manatdan 1,1 milyard manata yüksələcək.
Əsas büdcə istiqamətləri arasında ən böyük azalma əsas bölmələrə aid edilməyən xərclər üzrə nəzərdə tutulub. Bu istiqamətə ayrılan vəsaitin 1 milyard 752,5 milyon manatdan 822,5 milyon manata endirilməsi planlaşdırılır. Azalma 53,07 faiz təşkil edir.
Alt istiqamətlərdə isə ən böyük azalmalar aşağıdakı sahələr üzrə proqnozlaşdırılır:
- Sosial təminat – 99,35 faiz azalma (60,4 milyon manatdan 395,5 min manata);
- Yanacaq və enerji kompleksi – 73,26 faiz azalma (373,8 min manatdan 99,9 min manata);
- Kənd təsərrüfatında digər müəssisə və tədbirlər – 67,47 faiz azalma (133,3 milyon manatdan 43,4 milyon manata);
- Sosial-iqtisadi və digər tədbirlər – 55,78 faiz azalma (811,2 milyon manatdan 358,7 milyon manata);
- Əsas bölmələrə aid edilməyən xərclər – 53,07 faiz azalma (1 milyard 752,5 milyon manatdan 822,5 milyon manata).
Məlumat üçün bildirək ki, 2027-ci il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olması nəzərdə tutulub. Müqayisə üçün bildirək ki, bu ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon 600 min manat məbləğində təsdiq edilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz