Avtomobil idxalı kəskin şəkildə azalıb


Bu ilin ilk 9 ayı ərzində Azərbaycana 1 milyard 132 milyon dollar dəyərində 57 min 275 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com
xəbər verir ki, idxal olunan bir avtomobilin orta statistik idxal dəyəri 19 min 780 dollar (33 min 626 manat) olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 33% azalıb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyard 605 min dollar dəyərində 85 min 257 ədəd avtomobil gətirilib.
İdxal olunan avtomobillərin 50 min 898 ədədi minik avtomobillərinin və digər sərnişin nəqliyyatı vasitələrinin payına düşüb. Bu avtomobillərin ümumi dəyəri 943 milyon 227 min dollar olub.
Məlumata görə, ölkəyə 5 min 383 ədəd yük avtomobili gətirilib. Onların statistik dəyəri 50 milyon 974 min dollar təşkil edib. Bundan başqa, 527 ədəd 10 və daha çox sərnişin daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitəsi idxal olunub. Bu avtomobillərin dəyəri 84 milyon 171 min dollar olub.
Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı isə 467 ədəd təşkil edib. Bu kateqoriya üzrə idxalın dəyəri 53 milyon 823 min dollar olub.
Qeyd edək ki, idxal olunan minik avtomobilləri arasında hibrid və elektrik avtomobilləri də yer alıb. Belə ki, bu ilin ilk 9 ayında ölkəyə 16 min 795 hibrid avtomobil gətirilib.
Yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən avtomobillərin sayı isə 680 olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top