
Bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-qida məhsulları arasında ən çox zərgərlik məmulatları bahalaşıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında zərgərlik məmulatlarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz artıb. Bu, qeyri-qida məhsulları arasında qeydə alınan ən yüksək bahalaşma göstəricisidir.
Hesabat dövründə qiyməti ən çox artan digər məhsullar oyuncaqlar (6,3 faiz), şüşə məmulatları, yemək qabları və əşyaları (5,9 faiz), xalça və digər döşəmə örtükləri (5,6 faiz), parçalar (6 faiz), yanacaq məhsulları – benzin və dizel yanacağı (5,2 faiz) olub.
Dəftərxana və şəkil çəkmək üçün ləvazimatların qiyməti 4,6 faiz, evə qulluq üçün lazım olan məhsulların qiyməti 4,3 faiz, müalicə ləvazimatları və cihazlarının qiyməti 4,2 faiz, açıq havada idman, turizm və istirahət üçün əşyaların qiyməti isə 3,9 faiz artıb.
Qiymət artımının nisbətən aşağı olduğu məhsullar arasında dərmanlar (0,1 faiz), məlumatın işlənməsi üçün avadanlıqlar – fərdi kompüter, noutbuk və planşetlər (0,2 faiz) yer alıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ucuzlaşan qeyri-qida məhsulları arasında isə minik avtomobilləri fərqlənib. Belə ki, onların qiyməti 1,8 faiz azalıb. Məlumatın işlənməsi üçün avadanlıqların qiymətində də 0,2 faiz azalma qeydə alınıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz