
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı mümkün sanksiyaların və Rusiya enerji resurslarını alan ölkələrə tətbiq edilə biləcək gömrük rüsumlarının dünya iqtisadiyyatına təsirini qiymətləndirmək üçün 60 günlük müddətdən istifadə etmək niyyətindədir.
Yeniavaz.com “Reuters”’ istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
Rubionun sözlərinə görə, Tramp bu müddət ərzində sanksiyaların və gömrük rüsumlarının həm dünya iqtisadiyyatı, həm də ABŞ iqtisadiyyatı üçün mümkün nəticələrini təhlil etmək istəyir.
Dövlət katibi qeyd edib ki, qanunla nəzərdə tutulan məhdudiyyətlər yalnız Rusiyaya deyil, Rusiya neftinin əsas alıcılarından biri olan Hindistan kimi ölkələrə də təsir göstərə bilər.
Onun sözlərinə görə, Hindistan enerji təchizatı mənbələrini tədricən şaxələndirsə də, Rusiya tədarükündən qısa müddətdə tam imtina edə bilməz. Rubio Hindistanın ABŞ üçün mühüm tərəfdaş olduğunu da vurğulayıb.
Xatırladaq ki, Tramp cümə günü Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan, “Qrem qanunu” kimi tanınan qanunvericilik çərçivəsində müəyyən məhdudiyyətlərin və gömrük rüsumlarının tətbiqini müvəqqəti dayandıran sənəd imzalayıb. Həmin tədbirlərin gələn həftədən qüvvəyə minməsi gözlənilirdi.
Qanun Rusiya nefti və qazını almağa davam edən ölkələrdən idxal olunan mallara, o cümlədən 100 faizə qədər gömrük rüsumlarının tətbiqi imkanını nəzərdə tutur.
Vaşinqtonun qərarı dünya bazarında enerji qiymətlərinin artdığı bir dövrə təsadüf edir. Neft və qaz tədarükündə yaranan fasilələr, eləcə də İranla bağlı münaqişə enerji bazarına təzyiqi artırıb. Tramp administrasiyası noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində ABŞ-də yanacağın qiymətinin yüksəlməsinin qarşısını almağa da çalışır.
Sanksiyaların müvəqqəti dayandırılması Ukrayna Prezidenti Volodimir Zelenskinin tənqidinə səbəb olub. O, iqtisadi təzyiqlərin zəiflədilməsinin Rusiya Prezidenti Vladimir Putinin mövqelərini gücləndirə və müharibənin uzanmasına gətirib çıxara biləcəyini bildirib.
Bəzi ABŞ qanunvericiləri də Vaşinqtonun qərarına qarşı çıxaraq Moskva üzərində təzyiqlərin saxlanılmasının vacibliyini vurğulayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz