
Süni intellekt çatbotları arasında liderliyini qoruyan “ChatGPT”nin internet trafikindəki payı azalıb.
Yeniavaz.com “Similarweb” platformasının 2026-cı ilin sentyabr ayına dair məlumatlarına əsasən xəbər verir ki, “Google” şirkətinin “Gemini” və “Anthropic” şirkətinin “Claude” çatbotları isə istifadəçilər arasında populyarlığını artırıb.
“ChatGPT” qlobal süni intellekt çatbotlarının veb-saytlarına edilən ziyarətlərin 56,4 faizini təşkil edib.
Belə ki, sentyabr ayında “ChatGPT”nin veb-saytına təxminən 5,9 milyard dəfə daxil olunub. “Google”un “Gemini” çatbotu 2,6 milyard ziyarətlə ikinci, “Anthropic” şirkətinin “Claude” çatbotu isə 1 milyard ziyarətlə üçüncü yerdə qərarlaşıb.
Digər çatbotlar arasında “DeepSeek” 356 milyon, “Grok” 241 milyon, “Copilot” 157 milyon, “Perplexity” isə 94 milyon ziyarət qeydə alıb.
Məlumata görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrına qədər “ChatGPT”nin ümumi ziyarətlərdəki payı 71,8 faizdən 56,4 faizə düşüb.
Eyni dövrdə “Google”un “Gemini” çatbotunun payı 13,6 faizdən 25 faizə, “Claude”un payı isə 2,3 faizdən 9,6 faizə çatıb.
Son bir ildə “Gemini”nin aylıq ziyarət sayı təxminən 2,5 dəfə artaraq 1,1 milyarddan 2,6 milyarda yüksəlib. “Claude”da isə artım daha sürətli olub. Çatbotun aylıq ziyarət sayı 157 milyondan 1 milyarda çataraq təxminən 6 dəfə artıb.
“Claude”un populyarlığının artmasında proqramlaşdırma və peşəkar işlər üçün imkanlarının genişlənməsi, eləcə də şirkətin reklam və ictimaiyyətlə əlaqələr strategiyasının rol oynadığı bildirilir.
Araşdırmaya əsasən, “DeepSeek”, “Grok”, “Copilot” və “Perplexity” çatbotlarının ümumi payı 2025-ci ilin oktyabrında 11,4 faiz olduğu halda, 2026-cı ilin sentyabrında 8,1 faizə enib.
Tətbiqimizi yükləyə bilərsiniz