
Sağlam qidalanmanın geniş yayılmış bir çox modeli yaddaş və düşünmə qabiliyyətinə müsbət təsir göstərir. Lakin onların beyin sağlamlığına uzunmüddətli təsiri hələ də tam aydın deyil.
Yeniavaz.com xəbər verir ki, bu nəticəyə ABŞ və Avropada aparılmış tədqiqatlarda iştirak edən 17 mindən çox insanın məlumatlarını təhlil edən beynəlxalq alimlər qrupu gəlib.
Tədqiqatın nəticələri “Journal of Nutrition” jurnalında dərc olunub.
Alimlər sağlam hesab edilən yeddi qidalanma modelini araşdırıblar. Bunlara Aralıq dənizi pəhrizi, arterial təzyiqi tənzimləməyə yönəlmiş DASH pəhrizi, Aralıq dənizi və DASH pəhrizlərinin prinsiplərini birləşdirən MIND pəhrizi, eləcə də qidalanma keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş digər dörd model daxildir.
Tədqiqatçılar iştirakçıların qidalanma vərdişlərini onların zehni qabiliyyətlərinin göstəriciləri ilə müqayisə ediblər. Təhlil zamanı ümumi zehni fəaliyyət, həmçinin planlaşdırma, diqqəti cəmləmə və davranışa nəzarət kimi bacarıqları əhatə edən icraedici funksiyalar qiymətləndirilib.
Müəyyən bir dövr üzrə məlumatların təhlili göstərib ki, Aralıq dənizi pəhrizinə müntəzəm əməl etmək ümumi zehni fəaliyyətin daha yaxşı göstəriciləri ilə əlaqəlidir. DASH pəhrizinə və Aralıq dənizi qidalanma modelinə üstünlük verən insanlarda da icraedici funksiyaların daha yüksək səviyyədə olduğu müşahidə edilib.
Lakin zaman ərzində baş verən dəyişikliklər araşdırıldıqda nəticələr o qədər də inandırıcı olmayıb. Ümumilikdə, alimlər öyrənilən pəhrizlərin əksəriyyəti ilə zehni qabiliyyətlərin zəifləməsinin yavaşlaması arasında sabit əlaqə müəyyən etməyiblər.
Bu baxımdan MIND pəhrizi istisna təşkil edib. ABŞ-də aparılan üç ayrı tədqiqat qrupunda bu pəhrizə əməl edən iştirakçılarda icraedici funksiyaların daha müsbət göstəriciləri qeydə alınıb.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, insanların eyni dövrdə müqayisəsi zamanı müəyyən edilən əlaqə fərqlərin məhz qidalanma ilə bağlı olduğunu sübut etmir. Zehni sağlamlığa həyat tərzinin digər xüsusiyyətləri və insanlar arasındakı fərdi xüsusiyyətlər də təsir göstərə bilər.
Tədqiqatın həmmüəlliflərindən biri, Minnesota Universitetinin nümayəndəsi Lin Stefanın sözlərinə görə, zehni qabiliyyətlərin zəifləməsini yavaşlatmaq üçün həm qidalanmanın keyfiyyəti, həm də fiziki aktivlik mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, dünyada təxminən 57 milyon insan demensiyadan əziyyət çəkir və hər il bu xəstəliklə bağlı təxminən 10 milyon yeni hal qeydə alınır.
Tədqiqatçılar hesab edirlər ki, sağlam qidalanmanın beyin sağlamlığına təsiri barədə daha dəqiq tövsiyələr hazırlamaq üçün əlavə araşdırmalara ehtiyac var. Bu araşdırmalar qidalanmanın təsirini beynin qocalması ilə əlaqəli digər amillərdən daha aydın şəkildə ayırmağa imkan verə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz