Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlanıb – Bakı neçənci yerdədir?


Dünyanın yaşamaq üçün ən əlverişli şəhərlərinin reytinqi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu nəticələr “Oxford Economics” şirkətinin 2026-cı il Qlobal Şəhərlər İndeksinə əsaslanır.
Araşdırmada dünyanın 1000 şəhəri müxtəlif göstəricilər üzrə qiymətləndirilib.
Həyat keyfiyyətinin müəyyənləşdirilməsi zamanı adambaşına düşən gəlir, gəlir bərabərsizliyi, mənzil xərcləri, ömür uzunluğu, cinayətkarlıq səviyyəsi, eləcə də istirahət və mədəniyyət məkanlarına çıxış imkanları nəzərə alınıb.
Avstraliyanın paytaxtı Kanberra həyat keyfiyyəti üzrə 100 mümkün baldan 100 bal toplayaraq birinci olub. Şirkət bunu yüksək əməkhaqları, gəlirlərin nisbətən bərabər bölüşdürülməsi, uzun ömür göstəriciləri və istirahət imkanları ilə əlaqələndirir.
İkinci yerdə Norveçin Bergen şəhəri 94,3 balla qərarlaşıb. Sinqapur 91,6 balla üçüncü, Fransanın Qrenobl şəhəri 90,8 balla dördüncü, İsveçrənin Bern şəhəri isə 89,8 balla beşinci olub.
İlk onluqda, həmçinin Oslo, Lüksemburq, Drezden, Gent və Paris yer alıb.
Ümumilikdə, reytinqdə Avropa şəhərləri üstünlük təşkil edir. Almaniyanın Drezden, Berlin və Münhen, İsveçrənin isə Bern, Bazel və Sürix şəhərləri yüksək nəticə göstərib.
Maraqlı məqamlardan biri odur ki, şəhərin ümumi inkişaf göstəriciləri onun həyat keyfiyyəti üzrə mövqeyi ilə üst-üstə düşməyə bilər. Məsələn, Nyu-York ümumi Qlobal Şəhərlər İndeksində birinci olsa da, həyat keyfiyyəti üzrə 86-cı yerdə qərarlaşıb. Buna yüksək mənzil xərcləri təsir edən amillərdən biri kimi göstərilir.
Kopenhagen ümumi reytinqdə 18-ci, həyat keyfiyyəti üzrə isə 160-cı yerdədir. Vankuver də ümumi sıralamada 24-cü, həyat keyfiyyəti üzrə isə 215-ci olub. Hər iki şəhərdə mənzil xərclərinin yüksək olması əsas amillərdən biri kimi qeyd edilir.
Məlumat üçün onu da bildirək ki, dünyanın müxtəlif ölkələrindən ümumilikdə 1 000 şəhərin yer aldığı siyahıda Bakı şəhəri  51,7 balla 323-cü sırada yer alıb. Həyat keyfiyyəti üzrə isə Bakı 1000 şəhər arasında 71,4 balla 225-ci yerdə qərarlaşıb.
Keçmiş SSRİ və qonşu ölkələrdən olan şəhərlərin 1000 şəhərin yer aldığı hesabatda həyat keyfiyyəti üzrə topladığı ballar aşağıdakı kimi olub:
Tallin (Estoniya) – 75,9 bal
Minsk (Belarus) – 75,2 bal
İstanbul (Türkiyə) – 74,6 bal
Moskva (Rusiya) – 73,8 bal
Vilnüs (Litva) – 72,8 bal
Bakı (Azərbaycan) – 71,4 bal
Ankara (Türkiyə) – 71,3 bal
Antalya (Türkiyə) – 70,3 bal
Kiyev (Ukrayna) – 70,3 bal
Riqa (Latviya) – 70,1 bal
Almatı (Qazaxıstan) – 69,5 bal
Sankt-Peterburq (Rusiya) – 68,5 bal
İzmir (Türkiyə) – 66,2 bal
Astana (Qazaxıstan) – 62,9 bal
Tbilisi (Gürcüstan) – 62,2 bal
İrəvan (Ermənistan) – 59,7 bal
Kişinyov (Moldova) – 56,2 bal
Daşkənd (Özbəkistan) – 47,5 bal
Tehran (İran) – 47,1 bal
Bişkek (Qırğızıstan) – 46,6 bal
Təbriz (İran) – 44,9 bal
Aşqabad (Türkmənistan) – 37,8 bal
Düşənbə (Tacikistan) – 30,9 bal


Onu da bildirək ki, dünyada yaşamaq üçün ən pis şəhərlərin sıralamasına 0 balla Nigeriyanın Zariya şəhəri başçılıq edir. Bundan başqa, Haitinin Port-o-Prens, Nigeriyanın Sokoto, Kaduna və Kano şəhərləri, həmçinin Cənubi Afrikanın Qqeberha şəhəri də yaşamaq üçün ən pis şəhərlər hesab edilir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top