"İlin sonunadək manat xeyli ucuzlaşacaq"

Mərkəzi Bank rəsmi məzənnəyə tətbiq etdiyi 4%-lik marjanı ləğv edəndən sonra dolların bahalaşması bir çox sahələrə təsir göstərir. Ekspertlərin fikrincə, bunun nəticəsi olaraq yaxın vaxtlarda ərzaq məhsullarının qiyməti bahalaşacaq. Bu vəziyyətdə vətəndaşları ən çox narahat edən suallardan biri də pulun hansı valyutada saxlanılması ilə bağlıdır. Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bununla bağlı fikirlərini açıqlayıb. "Yeniavaz.com" saytı ekspertin şərhini təqdim edir: "Manatın məzənnəsi ilə bağlı məndən tez-tez soruşurlar: "Pulumu hansı valyutada saxlayım?", "Dollar hara kimi qalxacaq?", "Dollar ucuzlaşa bilərmi?", "Bütün bunlar nə vaxt olacaq?" və s. Müraciət edənlərin arasında valyuta mübadiləsi əməliyyatlarında qazanc əldə etmək istəyən vətəndaşlarımız da az deyil (bunu onlara qətiyyən məsləhət görmürəm!). Əvvəla, manatın məzənnəsi ilə bağlı qısamüddətli proqnoz vermək çox çətindir. Çünki burada inzibati amil, yəni Mərkəzi Bankın istəyi həlledicidir. Buna görə də ən yaxşı halda 6 aylıq proqnoz, normal halda isə azı 1 illik proqnoz vermək olar. Uzunmüddətli perspektivdə isə Mərkəzi Bankın inzibati resursu çox məhduddur və hər şeyi bazar həll edir. Qeyd edilənləri nəzərə alaraq, bilin ki, ilin sonunadək manat hələ xeyli ucuzlaşacaq. Səbəbi də bəllidir: valyuta gəlirlərimiz azalır. Azalan əmtəənin qiyməti isə bahalaşmağa məhkumdur. Neftin qiymətinin artmaması (yəqin ki, yenə düşəcək) və neft hasilatımızın azalması, üstəgəl yaşadığımız iqtisadi böhran valyuta gəlirlərimizi azaldır və azaldacaq. İstehlak etdiyimiz əksər malları xaricdən dollarla əldə etdiyimiz üçün qiymət artımının davamı da qaçılmazdır. Ucuzlaşma yalnız daşınmaz əmlak bazarında olacaq, özü də kəskin şəkildə, çünki həmin bazardakı yüksək qiymətlər dollar bolluğu nəticəsində şişmənin nəticəsidir. Buna görə də hazırda daşınmaz əmlak almaq məsləhət deyil, hətta qiymət sizə əlverişli görünsə də. Bəli, dünənki qiymətlə müqayisədə indi qiymətlər ucuzdur, amma sabahkı qiymətlərlə müqayisədə hələ də xeyli bahadır.

Təbii, uzunmüddətli pul ehtiyatınızı xarici valyutada (dollar, avro, funt, İsveçrə frankı) saxlamaq məsləhətdir. Amma azı 1-2 aylıq xərcinizi manatda saxlayın! Son manatınızı xarici valyutaya çevirməyin. Çünki böyük ehtimalla sürətlə davam edən cari devalvasiya yaxında bir müddət (bir neçə aylıq) dayanacaq və hətta ola bilsin ki, manat bir az bahalaşacaq da. Nəticədə sizə manat lazım olanda, onu daha baha alacaqsız. Hər bir halda əsas məsələni unutmayın: qısamüddətli (1-6 ay) perspektivdə hər şey ola bilər. Uzunmüddətli perspektivi rəhbər tutun!

Dollar krediti olanlara tövsiyəm də dəyişməzdir: məhkəmələrdə mübarizə aparmalı, bankları güzəştlərə getməyə məcbur etməlisiz. Başqa yolunuz yoxdur! Vaxt bankların əleyhinə, borcluların lehinə işləyir. Ən azı ona görə ki, banklar zəifləyir və tam məhv olmamaq üçün kompromisə getməyə məcbur olur".

DİGƏR XƏBƏRLƏR

Top