Özümü idarə edə bilmirəm, “əyləclərim tutmur”...


Bir avtomobilin sürəti nə qədər vacibdirsə, təhlükəsizliyi də o qədər vacibdir. Buna görə də, avtomobil reklamlarında daha çox təhlükəsizliyə üstünlük verirlər. Hətta təhlükəsizliklə bağlı ən adi bir detalı belə o avtomobiln üstünlüyü kimi təqdim edirlər. Təbii ki, istehsal edilən hər şey insanların rahatlığına xidmət etməlidir. Ancaq bu rahatlığı qorumaq üçün təhlükəsizlik sistemləri də icad edilməlidir. Çox insanlar var ki, ən müasir əyləc sistemi var deyə bir avtomobilə nə qədər əlavə pul verirlər. Əslinə baxanda, onlar heç haqsız da deyillər. Çünki onlar bu yolla öz təhlükəsizliklərini qoruyurlar. Buna görə də, şirkətlər avtomobillərin sürət sistemlərini təkmilləşdirdikcə əyləc sistemlərini də təkmilləşdirirlər.
Əslində, insanın özünü inkişaf etdirməsi avtomobilin sürətini inkişaf etdirməsi kimidir. Ancaq burada da əsas məqsəd istədiyin sürətə nail olmaq deyil. Əgər sürətinizi idarə edə bilməsəniz, elə ilk döngədə qəzaya uğraya, təkcə özünüzün yox, başqalarının da xəsarət almasına səbəb ola bilərsiniz. Ona görə də, hər bir insanın öz “əyləc sistemi” olmalıdır. Başqa sözlə, insanda özünəinam mexanizmi nə qədər vacibdirsə, özünənəzarət mexanizmi də o qədər vacibdir. Özünə nəzarət etmək üçün isə diqqəti bir nöqtədə toplamaq lazımdır. Buna görə də, insan özünə həmişə “Səbir göstərmək lazım olan yerdə səbir göstərə bilirəmmi?”, ya da “Dözümlü olmaq lazım olan yerdə dözümlü ola bilirəmmi?” kimi suallar verməlidir.
Bir şeyi də unutmayaq ki, hər bir insanın özünə nəzarəti Allah qorxusu ilə başlayır. Bu qorxunun mayasında sevgi olduğu üçün o biri qorxulardan fərqlənir. Bu qorxu hissini isə daha sonra məsuliyyət hissi əvəz edir. Özünə nəzarət edə bilməyən bir insan həm özünə, həm də başqalarına zərər verir. Elə buna görə də, həm özünə nəzarət edə bilməyən, həm də sonradan peşman olan insanlar bu qədər çoxdur. Şəxsiyyət tərbiyəsi isə insanda özünə nəzarət hissini gücləndirir. Elə buna görə də, şəxsiyyətli insan özünə nəzarət etməyi bacarır. Digər tərəfdən, şəxsiyyətli insan nəzarətsiz gücün güc olmadığını bilir. Bir sözlə, sürəti artırmağı bacardığı kimi, azaltmağı da bacarır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top