
Yaxşı yuxunun sirrini bilirsinizmi? Əslində bu, o qədər də çətin deyil. Sadəcə olaraq yatmazdan 1,5-2 saat əvvəl mətbəxə girin və 200 kalorilik sirli bir menyu ilə bütün əzələlərinizə və sinirlərinizə sakitlik gətirin. Bu sirli menyu üçün aşağıdaki qidalardan birini və ya ikisini seçə bilərsiniz.
Banan
Əslində bananı sarı köynəkli təbii yuxu dərmanı da adlandırmaq olar. Tərkibində seratonin və melatonin maddələri ilə yanaşı maqnezium də olan bu meyvə əzələlərdəki gərginliyi azaldır və orqanizmə rahatlıq gətirir.
Çobanyastığı çayı
Sakitləşdirici xüsusiyyətə malik olduğu üçün çobanyastığı çayı yorğun və gərgin bir orqanizm üçün ən yaxşı dərmandır.
Süd
Yəqin ki, südün yuxu gətirdiyini siz də eşitmisiniz. Buna səbəb isə südün tərkibində olan və orqanizm üçün ən vacib amin turşularından sayılan triptofandır.
Bal
Balı həm ayrıca, həm də bitki çayı və ya südlə qəbul edə bilərsiniz. Narahat olmayın, balın tərkibindəki oreksin beyninizi hərəkətə gətirməyə çalışsa da, qlükoza bunun qarşısını alacaq (yeri gəlmişkən deyək ki, oreksin son vaxtlar kəşf edilən və beyinə hərəkət verən bir neyrotransmitterdir).
Kartof
Sobada bişmiş kartofun yuxuya kömək etdiyini yəqin ki, eşitməmişdiniz. Yeri gəlmişkən deyək ki, belə kartof nəinki mədənizi yormaz, əksinə tərkibindəki triptofanın köməyi ilə turşu səviyyəsini də aşağı salar. Kartofun təsirini artırmaq üçün ondan südlü püre hazırlaya bilərsiniz.
Yulaf unu
Yulaf tərkibindəki melatoninin köməyi ilə ən yaxşı yuxu dərmanıdır. Yulaf ununa bir qədər ağcaqayın şərbəti əlavə etsəniz, həm təsiri artar, həm də ləzzətli olar.
Badam
Bir ovuc badam şirin yuxuya gedən yolda sizin ən yaxın köməkçiniz ola bilər. Həm tərkibindəki triptofanın, həm də kalsiumun köməyi ilə əzələlərinizdəki gərginliyi azaldar.
Kətan toxumu
İşləriniz pis gedəndə və ya özünüzü pis hiss edəndə iki qaşıq kətan toxumu köməyinizə çata bilər. Kətan toxumunu həm südlə, həm də qatıqla qəbul edə bilərsiniz. Yeri gəlmişkən deyək ki, kətan toxumu “Omeqa-3” yağ turşuları ilə zəngindir və əhvali-ruhiyyənizi yüksəltmək üçün ən təbii dərmandır.
Kəpək çörəyi
Bal qatılmış çayla bir dilim kəpək çörəyi yemək orqanizmin yuxu rejiminə girməsi üçün kifayətdir.
Hindtoyuğu
Bəlkə də sizə qəribə gələcək, ancaq gözəl bir yuxu üçün bir dilim kəpək çörəyi və bir parça hindtoyuğu əti də faydalı ola bilər.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz