Bir gün ya biz, ya da onlar...


Bəzən hansısa çətinliklə qarşılaşanda düşünmək olar ki, bəlkə də həyatın ən ağır günü bu deyil. Qarşıda daha çətin günlər də ola bilər. Ona görə hər sıxıntını dünyanın sonu kimi qəbul etməmək, bir az səbir etmək lazımdır.
İnsan həmişə səbirli və təmkinli ola bilmir. Yorulur, hövsələdən çıxır, bəzən kiçik bir məsələni gözündə böyüdür. Amma insan danışanda da, düşünəndə də məsuliyyət daşıyır. Çünki düşüncələr və sözlər zamanla davranışlara təsir edir.
Heç kim yaxınını itirməyi düşünmək istəmir. Bu, ağla gətirmək belə istəmədiyimiz bir həqiqətdir. Amma həyatın dəyişməyən tərəfi budur: bir gün ya biz yaxınlarımızı dəfn edəcəyik, ya da yaxınlarımız bizi.
Bəlkə də, bunu hər gün düşünmək lazım deyil. Amma arada bir xatırlamaq insanın yanında olanların qədrini bilməsinə kömək edir. Bu gün adi görünən bir söhbət, bir süfrə, bir telefon zəngi sabah çox qiymətli bir xatirəyə çevrilə bilər.
Həyatda hər şey dəyişir. Bu gün böyük görünən bir problem bir müddət sonra əhəmiyyətini itirə bilər. Amma itirilən insan geri qayıtmır.
Ona görə hər şeyə görə özünü yormaq, hər sözə görə incimək, yaxın insanları xırda səbəblərdən üzmək lazım deyil. Bəzən sadəcə bir az səbir etmək və sahib olduqlarının qədrini bilmək kifayətdir.
Çünki həyat onsuz da qısadır. Yanımızda olan insanlar və birlikdə keçirdiyimiz günlər isə düşündüyümüzdən daha qiymətlidir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top