“Sabah”ın ÇL biletlərinin satış forması müzakirələrə səbəb olub – Açıqlama


Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçiriləcək dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.
Yeniavaz.com
“Sabah” klubuna istinadən xəbər verir ki, bir bilet almaqla “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli”yə qarşı keçirəcəyi bütün ev oyunlarını stadiondan izləmək mümkündür.
Biletləri “iTicket.az” saytı vasitəsilə onlayn əldə etmək mümkündür.
Lakin biletlərin satışa çıxarılması qaydası azarkeşlər üçün müəyyən çətinliklər yaradır. Belə ki, Bakı Olimpiya Stadionundakı mövcud yerlərin hamısı eyni vaxtda satışa çıxarılmır. Oturacaqlar mərhələli şəkildə, hissə-hissə satışa əlavə olunur. Məsələn, əvvəlki gün satışda olmayan bəzi yerlər növbəti gün satışa çıxarıla bilər.
Bu vəziyyət bilet almaq istəyən azarkeşlərin seçim prosesini çətinləşdirir. Çünki “iTicket.az” saytında bəzi oturacaqlar qeyri-aktiv, yəni rəngsiz göründükdə, həmin yerlərin artıq satılıb-satılmadığını müəyyən etmək mümkün olmur.
Hazırda azarkeşlər üçün aydın deyil ki, rəngsiz göstərilən oturacaqlar artıq satılıb, yoxsa yaxın günlərdə satışa çıxarılacaq. Bu barədə məlumatın təqdim olunmaması bilet almaq istəyən şəxslərin seçim etməsini və mövcud yerləri düzgün qiymətləndirməsini çətinləşdirir.
Nəticədə azarkeşlər istədikləri yeri seçmək üçün saytı təkrar-təkrar yoxlamalı və satışa yeni yerlərin əlavə olunmasını gözləməli olurlar.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib ki, biletlərin eyni anda satışa çıxarılmamasının səbəbi hamının bilet ala bilməsinə şərait yaratmaqdır:
“Hissə-hissə satışa çıxanda biletlər bir anda tükənmir. Əvvəlki illərdə oxşar problem yaşanıb. Biletlər satışa çıxarıldığı anda bir neçə dəqiqə içərisində hamısı satılır və oyunlara getmək istəyən bir çox azarkeş biletsiz qalır. Yəni bizim bu partiya halında, hissə-hissə buraxmağımız da hamı üçün imkan yaradır ki, istədiyi yerdən bilet seçib oyuna gələ bilsin”.
Elnur Həmidov rəngsiz göstərilən oturacaqların artıq satılıb-satılmadığı və ya yaxın günlərdə satışa çıxarılıb-çıxarılmayacağı ilə bağlı iradlara da münasibət bildirib. O qeyd edib ki, bu məsələ ilə bağlı hazırda məlumatı yoxdur. Klub rəsmisi əlavə edib ki, məsələni dəqiqləşdirdikdən sonra açıqlama verə bilər.
“Burada istehlakçının yanlış yönləndirilməsi ilə bağlı hüquqi sual yarana bilər”.
Məsələ ilə bağlı Yeniavaz.com açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın isə bildirir ki, bu cür satış üsulu əslində geniş istifadə olunan marketinq strategiyalardan biridir:
“Dünyanın müxtəlif ölkələrində, xüsusilə bilet satışı və onlayn alış-veriş platformalarında məhsulun məhdud sayda təqdim edilməsi və ya qıtlıq görüntüsünün yaradılması alıcıda tələskənlik hissi formalaşdırmaq üçün istifadə olunur. “Sabah” klubunun tətbiq etdiyi üsula gəldikdə isə burada müəyyən marketinq yanaşması görmək mümkündür. Məsələn, bilet almaq istəyən şəxs sayta daxil olur və məhdud sayda oturacağın satışda olduğunu görür. Digər yerlər isə qeyri-aktiv, yəni rəngsiz şəkildə göstərilir. Həmin oturacaqların artıq satılıb-satılmadığı, yoxsa sonradan satışa çıxarılacağı məlum olmadıqda, alıcıda bilet əldə edə bilməmək qorxusu yarana bilər.
Bu vəziyyətdə insan düşünə bilər ki, “İndi almasam sonra bilet qalmayacaq”. Nəticədə o, seçim imkanlarını tam qiymətləndirmədən və digər yerlərin nə vaxt satışa çıxarılacağını bilmədən dərhal bilet almağa qərar verə bilər. Marketinqdə bu yanaşma qıtlıq effekti və təcili alış davranışı ilə əlaqələndirilir”.
Ekspert bildirir ki, Azərbaycan qanunvericiliyində istehlakçıların mal və xidmətlər haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ təsbit olunub:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçının xidmət barədə lazımi məlumat almaq hüququ var. Həmçinin qanunvericilikdə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatların, eləcə də haqsız və qeyri-dəqiq reklamın qarşısının alınmasına dair müddəalar mövcuddur.
Bu baxımdan, əgər satış platformasında az sayda biletin mövcudluğu alıcıda bütün digər yerlərin satıldığı təəssüratını yaradırsa və bu barədə istehlakçıya aydın məlumat verilmirsə, burada istehlakçının yanlış yönləndirilməsi ilə bağlı hüquqi sual yarana bilər.
Hesab edirəm ki, burada problemin əsas tərəfi biletlərin mərhələli satılması deyil, satış prosesinin şəffaf təşkil olunmaması və alıcıya kifayət qədər məlumat verilməməsidir. İstehlakçı bilməlidir ki, ekranda rəngsiz görünən oturacaq satılıb, rezerv edilib, yoxsa hələ satışa açılmayıb. Bu məlumatın gizli qalması alıcının düzgün qərar verməsini çətinləşdirir”.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top