
Bolqarıstanın paytaxtı Sofiyada Ermənistan Televiziya və Radio Komissiyasının sədri Tiqran Hakobyan ilə Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədr müavini Deniz Gülərin görüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə NEWS.am-a Televiziya və Radio Komissiyasından bildirilib.
Qeyd olunub ki, görüş zamanı tərəflər yayım sahəsində mövcud inkişafları və aktual çağırışları, eləcə də tənzimləyici qurumların fəaliyyətinə dair bir sıra məsələləri müzakirə ediblər.
“Ermənistan və Türkiyənin tənzimləyici qurumları arasında əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsi imkanlarına, o cümlədən təcrübə və peşəkar bilik mübadiləsinə, sahə üzrə dialoqun fəallaşdırılmasına və qarşılıqlı maraq doğuran təşəbbüslər çərçivəsində əməkdaşlığa toxunulub. Həmçinin beynəlxalq və regional platformalarda əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər belə görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd edərək, yayım sahəsinin effektiv tənzimlənməsi və yeni çağırışlara birgə cavab verilməsi baxımından dialoqun əhəmiyyətini vurğulayıblar.
Əməkdaşlıq Memorandumunun mümkün imzalanması məsələsi müzakirə edilib. Memorandumun layihəsi artıq hazırlanma mərhələsindədir”, - nəşr yazır.
Tətbiqimizi yükləyə bilərsiniz