
Oxunan kitabın janrından asılı olmayaraq, mütaliədən zövq almaq sağlamlıq üçün faydalı ola bilər.
Yeniavaz.com “Euronews”a istinadən xəbər verir ki, “Cambridge” Universitetinin tədqiqatçıları apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər.
Araşdırmada qeyd olunur ki, mütaliə yaddaşı gücləndirə, idrak qabiliyyətlərini inkişaf etdirə və ümumi rifaha müsbət təsir göstərə bilər. Həmçinin mütaliəyə erkən yaşlardan başlamağın uzunmüddətli faydalar verə biləcəyi bildirilib.
Böyük Britaniyanın Milli Savadlılıq Fondunun (NLT) 2026-cı il hesabatına görə, 8–18 yaşlı uşaqlar və gənclərin yalnız 36,1 faizi asudə vaxtlarında oxumaqdan zövq aldıqlarını bildirib. Bu göstərici 2016-cı ildə 58,6 faiz təşkil edib.
Sənədin müəlliflərindən biri Kristel Lenqli bildirib ki, gəncləri oxumağa təşviq etmək üçün onların həqiqətən maraq göstərdikləri mövzunu tapmaq və bundan mütaliəyə “giriş nöqtəsi” kimi istifadə etmək lazımdır. Bu, televiziya proqramı, oyun, komediya, roman və ya digər maraqlı məzmun ola bilər.
Mütaliənin yaşlı insanlar üçün də faydalı ola biləcəyi müəyyən edilib. Belə ki, müntəzəm oxumağın stresi azaltmağa, rifahı yaxşılaşdırmağa və yaşla bağlı idrak zəifləməsinə qarşı müəyyən qoruyucu təsir göstərməyə kömək edə biləcəyi qeyd olunur.
Tətbiqimizi yükləyə bilərsiniz