Gülməyi unudan adam


(Həyat dərsi) 

O, artıq neçə vaxt idi ki, gülməyi unutmuşdu. Heç bir lətifə, heç bir zarafat, heç bir gülməli söz... onu güldürə bilmirdi.
Bir gün o, həkimə getməyi qərara aldı və həkimə gedib dərdini danışdı. Həkim əvvəlcə onu dinlədi, sonra da bəzi müayinələrdən keçirdi. Ancaq nəticələrlə tanış olanda onun heç bir xəstəliyi olmadığını anladı.
Həkim bu işdən bir şey başa düşmədi, buna görə də, onu başqa bir həkimə göndərdi. Ancaq burada da onun dərdinə çarə tapan olmadı. Sonra o eşitdiyi, bildiyi bütün həkimlərə üz tutdu. Ancaq bu həkimlərdə də nəticə eyni oldu. Nəhayət, gülməyi unudan adam çarəsiz qaldı və ilk dəfə getdiyi həkimin yanına üz tutdu.
Bu dəfə həkim ona:
- Səndən əvvəl də belə xəstələrə rast gəlmişdim. Ancaq mən heç vaxt onlara dərman yazmamışdım, - dedi.
Sonra isə həkim bunları əlavə etdi:
- Hər il bu vaxtlar meydanda bir sirk qurulur. O sirkdə axşamlar bir kloun səhnəyə çıxır. O klouna baxanda gülməkdən insanın gözləri yaşarır. İndi sən də mənim məsləhətimə qulaq as və sirkə gedib o klouna bax. İnan ki, gülə bilmədiyin bütün illərin acısını çıxaracaq və ürəyin istəyən qədər güləcəksən.
Gülməyi unudan adam dərindən bir ah çəkdi və:
- Təəssüf ki, bu mümkün deyil, - dedi.
- Niyə? - deyə həkim təəccüblə soruşdu.
- Çünki… - gülməyi unudan adam davam etdi, - Çünki o kloun mənəm!..

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top