“Apple” yeni “iPhone” modellərini sentyabrın 9-da təqdim edəcək


“Apple” şirkəti ilin əsas texnologiya tədbirinin keçiriləcəyi tarixi rəsmən açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, şirkətin yeni məhsullarının təqdimatı sentyabrın 9-da baş tutacaq.
Tədbirin ABŞ-nin Kaliforniya ştatının Kupertino şəhərində yerləşən Steve Jobs Teatrında keçirilməsi planlaşdırılır.
Təqdimat zamanı şirkətin “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və ilk qatlanan “iPhone” modelini nümayiş etdirəcəyi gözlənilir. Bununla yanaşı, “Apple Watch Ultra 4”, “Apple Watch Series 12” və yeni “AirPods” modellərinin də təqdim olunacağı bildirilir.
Bu il “Apple”ın yeni cihazların əvvəlcədən sifarişi ilə bağlı ənənəvi qrafikində də dəyişiklik edəcəyi qeyd olunur. Adətən təqdimatdan həmin həftənin cümə günü başlayan öncədən sifarişlərin bu dəfə sentyabrın 12-də, şənbə günü açılması nəzərdə tutulur.
Məlumata görə, qərar ABŞ-də 11 sentyabr terror hücumlarının 25-ci ildönümü ilə əlaqədardır. “Apple”ın faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq sifarişlərin qəbulunu bir gün gecikdirəcəyi bildirilir.
Dəyişikliyin “iPhone 18 Pro” və yeni “Apple Watch” modellərinə şamil olunacağı, qatlanan “iPhone” modelini əldə etmək istəyən istifadəçilərin isə sentyabrın sonunadək gözləməli ola biləcəyi vurğulanır.
Yeni “iPhone” modellərinin mağazalarda satışına isə sentyabrın 18-də başlanacağı gözlənilir. Satışların yerli vaxtla saat 08:00-da başlaması planlaşdırılır.
Bundan başqa, “Apple”ın “iOS 27” əməliyyat sistemini sentyabrın 14-də istifadəyə verəcəyi bildirilir. Yeni sistemin “iPhone 11” və daha yeni modellər də daxil olmaqla, 2019-cu ildən etibarən təqdim edilən “iPhone”ları dəstəkləyəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top