
Hamımıza tanış bir cümlə var: “Mən onun yerinə olsaydım”... Bu cür başlayan cümlələrin arxasınca çox vaxt bu sözlər gəlir: “O işi gözüyumulu görərdim”, ya da “O vəziyyətdən bir göz qırpımında çıxardım” və s. Belə olardımı, olmazdımı deyə bilmərik, ancaq siz bir az da özünüzü problemlərdən göz aça bilməyən insanların yerinə qoyun. Məsələn, ac qalıb oğurluq edən bir uşağın yerində olsaydınız, nə edərdiniz? Yoxsa, siz də “Cinayət cinayətdir” deyib hökm çıxarardınız?
İslam alimlərindən birinin bu barədə ifadə etdiyi çox gözəl bir həqiqət var. Tələbələrindən Molla Həmid rəvayət edir: “Bir gün məscidin hücrəsinin qapısını bağlamağı unutmuşduq. Tələbə yoldaşlarımın küpdə qovurmaları var idi. İçəri girən bir it küpə başını soxub qovurmaları yemiş, sonra da başını çıxara bilmədiyi üçün küpü sındırıb qaçmışdı. Odur ki, yoldaşlarım sözü bir yerə qoydular və iti tutub cəza verməyi qərara aldılar. Çox keçmədi ki, alim bundan xəbər tutdu və onları fikirlərindən daşındırmağa çalışdı. Ancaq deyəsən, onları belə asanlıqla razı salmaq mümkün olmayacaqdı. Odur ki, alim yoldaşlarımın birindən:
- Molla Rəsul, de görüm, sən ac qalsan, pulun da olmasa və açıq bir yerdə bir ət görsən, yeyərsən? Halbuki sənin ağlın var və bu ətin sahibi olduğunu bilirsən”, - deyə soruşdu.
Molla Rəsul alimin bu sözlərindən sonra bir xeyli susdu və sonra da:
- Bəli, yeyərəm, - deyə cavab verdi.
Bu cavabdan sonra alim dedi:
- Halbuki bu heyvandır, ağlı yoxdur. Haramı, halalı bilmir. Xeyri, şəri tanımır. Sizin ona cəza verəcəyinizdən də xəbəri yoxdur. Əlbəttə ki, açıq qapıdan içəri girəcək və küpün içindəki qovurmanızı yeyəcək. Buna görə ona cəza vermək nə qədər doğrudur?
Bu sözlərdən sonra Molla Rəsul və yoldaşları itdə qəbahət olmadığını qəbul etdilər.
Alim:
- Madam ki, elədir, bu heyvanın qiybətini etməyin və yediklərini də halal edin!” - dedi.
Qonşularınızda gecə-gündüz səs-küy var? Qapı qonşunuz pis vərdişlərindən əl çəkə bilmir? Hökm çıxarmağa tələsməyin. Eyni şeylər sizdə olsaydı, necə olardı, onu düşünün. Tənqid etdiyiniz adamın yaşadığı problemləri öyrənməyə çalışın. Ya da onun üçün nə edə bilərsiniz, bu barədə fikirləşin.
Bir də bu böyük həqiqəti unutmayın: “Bir qardaşını bir dərddən qurtaranı Allah da bir dərdindən qurtarar”. Bu ilahi düsturu tamamlayan başqa bir həqiqət isə budur: “İnsanların ən xeyirlisi, insanlara ən faydalı olandır”.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz