Evlilikdə bir-birini tanımaq kifayətdirmi?


Evlilikdə tərəflərin bir-birini tanıması, şübhəsiz ki, vacibdir, ancaq bir evliliyin uğurlu olması üçün kifayət deyil. Uzun müddət davam edən bir nişanlılıqdan sonra evlənən və qısa müddət davam edən bir evlilikdən sonra boşanan ailələrə tez-tez rast gəlirik. Bu isə o deməkdir ki, nişanlılıq nə qədər uzun davam edirsə etsin, bu, tərəflərin bir-birini tanıması üçün kifayət deyil. Başqa sözlə, insan bəzi şeyləri ancaq uzun illər ərzində öyrənir. Çünki insan dəyişkən bir varlıqdır və evləndikdən sonra dəyişmək ehtimalı böyükdür. Yəni, bir insan həyat yoldaşını evlilikdən əvvəl nə qədər tanıyırsa tanısın, onun evlilikdən sonra tutacağı mövqe çox vacibdir. Buna görə də, tərəflər evlilikdən sonra nə qədər düzgün mövqe tutsalar, evlilikləri də o qədər uğurlu olar. Bu cür düzgün mövqelərdən biri də tərəflərin mümkün qədər bir-birilərinə yaxın olmalarıdır. Bu, həm də evliliyin “müvəffəqiyyət dərəcəsini” artırmaq deməkdir.
Digər tərəfdən, evlilikdə eşq dediyimiz şeyin orta müddəti iki ildir. İki ildən sonra eşq sona çatır və dostluq (və ya yoldaşlıq) ön plana çıxır. Əslində, insanın özü dəyişkən olduğu kimi, eşqin özü də dəyişkəndir. Çünki eşq müəyyən bir müddətdən sonra tərəflərdə sevgiyə çevrildiyi kimi, nifrətə də çevrilir. Buna görə də, “Mən həmişə sevmişəm və həmişə sevəcəyəm” kimi sözlər əvəzinə bu sevgini qidalandırmaq lazımdır.
Bundan başqa, insanın bir yerdə yaşayacağı adamı tanıması heç də həmişə hər şeyin öz yolunda olması demək deyil. Belə ki, evliliyi 100 faizlik sistemlə qiymətləndirsək, evlilikdən əvvəlki tanışlıq 20-30 faiz təşkil edirsə, evlilikdən sonrakı tanışlıq 70-80 faiz təşkil edir. Bu isə o deməkdir ki, uğurlu bir ailə həyatı üçün sizin evlilikdən sonra göstərəcəyiniz səylərdən çox şey asılıdır.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top