İranla bağlı İstanbul danışıqları təxirə salındı


İstanbulda İranla bağlı Böyük Britaniya, Almaniya və Fransadan ibarət “Avropa üçlüyü”nün, eləcə də Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DPA Almaniya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, görüşün təxirə salınmasına iştirakçılardan birinin iş qrafikində yaranan uyğunsuzluq səbəb olub. Görüşün yeni tarixi hələ müəyyən edilməyib.
Daha əvvəl DPA bildirmişdi ki, Almaniya, Türkiyə, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri avqustun 30-da İstanbulda Səudiyyə Ərəbistanı, Pakistan və Misirdən olan həmkarları ilə görüşməli idilər. Danışıqların təşəbbüskarları Almaniya və Türkiyə tərəfləri olub.
Görüş zamanı nazirlərin, digər məsələlərlə yanaşı, Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi yollarını, eləcə də regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etmələri planlaşdırılırdı.
İştirakçı ölkələr görüşün ABŞ-yə İranla danışıqların davam etdirilməsinin zəruriliyi barədə siqnal olacağını gözləyirdilər.
Bundan əlavə, İstanbul görüşündə Qara dənizdəki vəziyyət və Ukrayna taxılının ixracı məsələlərinin də müzakirəsi nəzərdə tutulurdu.

DİGƏR XƏBƏRLƏR

Top