ATƏT Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun "Nezavisimaya qazeta"da gedən məqaləsində Azərbaycanı sülh danışıqlarını pozmaqda, həmsədrlərin təşəbbüsünə mane olmaqda günahlandırması və bununla əlaqədar qəbul edilən beynəlxalq sənədləri ermənipərəst mövqedən izah etməsi cəhdlərinə ilk reaksiya gəlib. Məsələ ilə bağlı "Yeniavaz.com"a açıqlama verən millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc keçmiş həmsədri ermənilərin muzdlu nökəri adlandırdı: "Kazimirovun ATƏT Minsk Qrupuna həmsədr olduğu dövrdən əvvəl də ermənilərə işlədiyi məlum idi. Onun ATƏT Minsk Qrupu həmsədrliyinə gətirilməsində ermənilərin əli ola bilməsini istisna etmirəm. Kazimirov həmişə ermənilərin muzdlu nökəri kimi çıxış edib. Onun "Nezavisimaya qazeta"da gedən son məqaləsini də ermənilərin sifarişi əsasında yazdığını düşünürəm. Keçmiş həmsədrin dediklərinin əksinə olaraq Azərbaycan dəfələrlə bəyan edib ki, işğal edilmiş topraqlarımızın azad edilməsi şərti ilə sülh anlaşmasını imzalamağa hazırdır. Üstəlik BMT TŞ tərəfindən qəbul edilən 4 məlum qətnamədə də işğal edilmiş topraqlarımızın azad edilməsi tələb edilib. Belə olan halda Kazimirovun Azərbaycanı sülh danışıqlarını pozmaqda günahlandırması onun tərəfindən növbəti dəfə ölkəmizə böhtan və ifira atılmasından başqa bir şey deyil. Amma o unudur ki, vaxtı ilə ermənilərə xidmət edən Polyaniçko, Starovoytova və digərləri məhz öz ağaları tərəfindən aradan götürüldülər. Hər halda Kazimirov Azərbaycana iftira və böhtanlar atmaq əvəzinə adları çəkilən şəxslərin aqibətindən nəticə çıxarsa daha yaxşı olar".