CHP daxildə də parçalanır


Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) “üçüncü yolun təmsilçiləri” adlandırılan qrupun ortaq bəyanat hazırladığı bildirilib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, təxminən 15 CHP millət vəkilindən ibarət qrup yaxın günlərdə bir araya gələcək.
Türkiyə mətbuatının yazdığına görə, onlar nə yeni partiya yaradaraq CHP-dən ayrılan sabiq sədr Özgür Özələ, nə də məhkəmə qərarı ilə sədr postuna qaytarılan Kamal Kılıçdaroğluya yaxın mövqedə olduqlarını bildirirlər. Özlərini “üçüncü yolun təmsilçiləri” kimi təqdim edirlər.
Partiya dairələrində Elazığ millət vəkili Gürsel Erol, Kahramanmaraş millət vəkili Əli Öztunç, keçmiş qrup sədr müavini və İstanbul millət vəkili Engin Altay kimi şəxslərin bəyanat üzərində işlədiyi bildirilib.
Məlumata görə, hazırlanan bəyanatda partiyada fövqəladə qurultayın keçirilməsi tələbi irəli sürüləcək. Deputatlar hesab edirlər ki, CHP-də yaşanan daxili gərginliyin aradan qaldırılması üçün qurultayın qısa müddətdə keçirilməsi vacibdir.
Bəzi deputatlar bildirirlər ki, əgər partiya qurultayı ilə bağlı tələbləri yerinə yetirilməsə, CHP-dən ayrılıb müstəqil şəkildə fəaliyyət göstərə və ya Özgür Özəlin yaratdığı YENİ Partiyaya qoşula bilərlər.
İddialara əsasən, bəyanatın yaxın günlərdə ictimaiyyətə açıqlanması planlaşdırılır.
Qeyd edək ki, CHP-də son aylarda rəhbərlik və qurultay prosesi ətrafında fikir ayrılıqları davam edir. Bununla belə, partiya rəhbərliyi “üçüncü yolun təmsilçiləri”nin qrupunun hazırladığı iddia edilən bəyanatla bağlı hələlik rəsmi açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR

Top