
Teatr və kino aktyoru Levent Üzümcü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Məni saxlayırlar”, - Üzümcü sosial media hesabında yazıb.
Onun həbs olunmasının hansı istintaqla əlaqəli olduğu barədə hələlik rəsmi məlumat yoxdur.
Yaxın saatlarda aktyorun vəkillərinin və müvafiq qurumların açıqlamaları gözlənilir.
Qeyd edək ki, Levent Üzümcü 6 iyul 1972-ci ildə İzmirdə anadan olub. Əskişəhər Anadolu Universiteti Dövlət Konservatoriyasının Teatr fakultəsini bitirdikdən sonra karyerasına Bursa Dövlət Teatrında başlayıb və daha sonra uzun illər İstanbul Şəhər Teatrlarında fəaliyyət göstərib. O, 2004-2009-cu illər arasında efirə çıxan “Avrupa Yakası” televiziya serialındakı Cem Onaran obrazı ilə şöhrət qazanıb. Televiziya karyerasında “Şen Yuva”, “Kavak Yelleri” və “Harem” kimi filmlərdə oynayıb. Kinoda isə “Abimm”, “Beyzanın Kadınları” və “Merdiven Baba” kimi filmlərdə rol alıb.
Siyasi və sosial məsələlərdəki mövqeyi ilə tanınan Üzümcü, 2015-ci ildə Gezi Parkı etirazlarını dəstəklədiyi üçün İstanbul Şəhər Teatrından uzaqlaşıdırılıb. Bu qərardan sonra o, hüquqi mübarizəyə başlayıb və 2020-ci ildə məhkəmə qərarı ilə İstanbul Şəhər Teatrındakı vəzifəsinə bərpa edilib.
“Boyun Eğme” və “Aklımın Odaları” adlı iki kitabı olan Levent Üzümcü sənət karyerası ilə yanaşı siyasətlə də məşğul olub. 31 mart 2024-cü il bələdiyyə seçkilərində CHP tərəfindən Şişli Bələdiyyə Şurasının üzvü seçilib və daha sonra Şişli Bələdiyyəsinin sədr müavini vəzifəsini icra edib.
Tətbiqimizi yükləyə bilərsiniz