
Dəmir Quranda böyük diqqət yetirilən kimyəvi elementlərdən biridir. Quranın “Hədid”, yəni “Dəmir” surəsində belə buyurulur: “...Biz hədindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik (endirdik)...” (“Hədid”, 25).
Ayədə dəmirlə bağlı işlədilən “endirmək” sözünü məcazi mənada onun insanların istifadəsinə verilməsi kimi də başa düşmək olar. Ancaq “endirmək” sözünün yağış və günəş şüaları üçün işlədilən həqiqi mənasına diqqət yetirdikdə ayənin çox mühüm elmi möcüzə olduğunu görürük. Çünki müasir astronomiya elmi Yerdəki dəmir mədənlərinin kosmosdakı böyük ulduzlardan gəldiyini sübut edir. Bu isə təkcə Yerdə yox, bütün Günəş Sistemində olan dəmirin kənardan əldə edildiyini göstərir.
Kainatdakı ağır metallar böyük ulduzların nüvələrində hazırlanır. Ancaq Günəş Sistemi dəmir elementini öz nüvəsində hazırlaya biləcək gücə malik deyil. Çünki Günəşin temperaturu dəmir elementinin meydana gəlməsi üçün kifayət deyil. Dəmir ancaq Günəşdən də böyük ulduzlarda bir neçə yüz milyard dərəcəyə çatan temperaturda meydana gələ bilər.
Nova və Supernova adlandırılan bu ulduzlarda dəmirin miqdarı müəyyən həddi keçəndə ulduz artıq onu saxlaya bilmir və partlayır. Bu partlayış nəticəsində dəmirə çevrilən meteoritlər kosmosa səpələnir və göy cisimlərindən birinin cazibə qüvvəsinə məruz qalaraq onun tərəfindən cəzb olunana, yəni onun üzərinə enənə qədər kosmik boşluqda hərəkət edir. Bir elmi mənbədə isə bu məsələ ilə bağlı aşağıdakılar qeyd edilir:
“Tarix etibarı ilə daha qədim olan Supernova hadisələrini isbat edən dəlillər var. Məsələn, dəniz yatağında yığılan “dəmir-60” elementi Günəşdən 90 işıq ili məsafədə, təqribən 5 milyon il əvvəl meydana gələn bir Supernova partlayışının dəlili kimi izah edilir. Supernova partlayışında əmələ gələn “dəmir-60” elementi 1,5 milyon il ömrü olan radiaktiv izotopdur. Yerin altındakı təbəqələrdə rast gəlinən bu izotop yaxın kosmosda olan elementlərin nüvə sintezindən keçərək, əvvəlcə Yer atmosferinə, oradan da Yerin alt təbəqələrinə enərək meydana gəlmişdir”.
Bütün bunlardan da dəmirin Yerdə əmələ gəlmədiyini, supernovalardan göy cisimləri vasitəsilə ötürülərək eynilə ayədə bildirildiyi kimi Yerə endirildiyini görürük. Bu hadisənin Quranın nazil olduğu 7-ci əsrdə elmi şəkildə sübut edilməsinin qeyri-mümkünlüyü isə məlumdur. Bu həqiqət yalnız Sonsuz Qüdrət Sahibi olan Allahın sözündə - Quranda var. Bununla belə, dəmirdən bəhs edən “Hədid” surəsinin 25-ci ayəsi iki olduqca maraqlı riyazi şifrdən ibarətdir. Belə ki, “Hədid” surəsi Quranın 57-ci surəsidir. Dəmir izotopunun atom ağırlığı da 57-dir. “Hədid” sözünün əbcəd hesabı 26-dır. Dəmirin atom sayı da 26-dır.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz