
Pentaqon İrana zərbələr endirmək üçün İlon Maskın xAI şirkəti tərəfindən hazırlanmış “Grok” süni intellekt (Sİ) alətindən istifadə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Wired” jurnalı Pentaqonun Rəqəmsal və Süni İntellekt Texnologiyaları üzrə baş direktoru Kameron Stenlinin ifadəsinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, “Grok” əvvəllər “Anthropic”in “Claude” modelinə əsaslanan “Maven Smart Systems” (MSS) layihəsi çərçivəsində istifadə olunub.
Stenli həmçinin bildirib ki, MSS-in ağıllı sistemləri ABŞ qüvvələrinə “Epik Qəzəb” əməliyyatı zamanı 96 saat ərzində 2000 fərqli hədəfə 2000-dən çox sursat atmağa imkan verib.
Qeyd edək ki, daha əvvəl Pentaqon “Grok” çatbotunun məxfi sistemlərində istifadəsinə icazə verib. Mənbələrə görə, o, kəşfiyyat, silah və döyüş əməliyyatları ilə bağlı məxfi sahələrdə istifadə olunur. Əvvəllər nazirlik bu sistemlərdə istifadə üçün yalnız ”Claude AI” modelinə icazə vermişdi. Lakin, 2026-cı ilin mart ayında ABŞ Müdafiə Nazirliyi “Anthropic” şirkəti ilə işgüzar əlaqələrini faktiki olaraq kəsib. Səbəb isə Pentaqonun “Anthropic” şirkətinin süni intellekt əsaslı məhsullarından bütün qanuni məqsədlər üçün istifadə etmək istəyi ilə bağlı olub. “Anthropic” rəhbərliyi isə Pentaqona bu imkanları verməkdən imtina edib. Şirkət bu məsələdə əsasən, iki istisna tələb edirdi: kütləvi daxili nəzarət üçün istifadə etməmək və ölümcül avtonom silah sistemləri (döyüş robotları) hazırlamamaq.
Tətbiqimizi yükləyə bilərsiniz