Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş "20 Yanvar" hadisələrindən artıq 27 il keçir. Keçmiş sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri idi. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi. Azadlığımız uğrunda canını fəda edənlərdən biri də Nəsirov Yanvar Şirəli oğlu oldu. 33 yaşında şəhidlik zirvəsinə ucalan Yanvar Nəsirov, o vaxt ailəli və bir oğul atası idi. Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi sayılan həmin gecə haqqında şəhid Yanvar Nəsirovun həyat yoldaşı Almara Nəbiyeva ilə söhbət etdik...
- Almara xanım, gəlin əvvəlcə Yanvar Nəsirovu "20 yanvar"a aparan yoldan danışaq...
- Hamımız bilirik ki, 1989-cu ildə Qarabağ hadisələri bütün xalqımızı ayağa qaldırmışdı. Mitinqlər, yürüşlər bir-birini əvəz edirdi. "Azadlıq meydanı" xalqımızın tribunasına çevrilmişdi. Bir vətən övladı kimi Yanvar Nəsirov da bu hadisələrin içində idi. Baxmayaraq ki, ailəsi, körpə övladı var idi, amma o hər gün axşam işdən sonra "Azadlıq meydanı"na gedir, hadisələrdən xəbər tutmamış evə dönmürdü. Bütün qəzetlərdən xəbər tutur, hadisələrin gedişini götür-qoy edirdi. Çünki, biz tarixdən də bilirdik ki, ermənilər bizim xalqımıza qarşı necə vəhşiliklər törədiblər. Biz bunları nənələrimizdən, babalarımızdan eşitmişdik. Biz Ağdamın Gülablı kəndində dünyaya göz açmışdıq. Ona görə də, ermənilərin hansı vəhşiliklərə qadir olduğunu bilirdik. Onu da deyim ki, mən uşaq idim, bizim kənidimizdə böyük bir qəbiristanlıq var idi. Rəhmətlik nənəm deyirdi ki, qızım, bu qəbiristanlıqdakı qəbirlər ermənilərin 1905-ci ildə qırdıqları həmkəndlilərimizin qəbirləridir.
- Bəs, Yanvar Nəsirov bir insan kimi, bir ailə başçısı kimi necə idi?
- Yanvar Nəsirov 1957-ci il yanvar ayının 1-də Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdu. O adı da ona yanvar ayında anadan olduğu üçün qoymuşdular. Onun ad günü həmişə yeni il bayramına düşürdü. O da fərəhlə deyirdi ki, mənim ad günümü bütün xalq qeyd edir. İş elə gətirdi ki, onun ölümünü də, yəni şəhid olduğu günü, hər il xalq dərin hüznlə qeyd edir. O, kənddə böyümüş, kənddə oxumuşdu. Təmir-tikinti işini də çox yaxşı bilirdi. Əsgərliyini o vaxtkı Leninqrad şəhərində keçmişdi. Biz 1987-ci ilin aprel ayında ailə həyatı qurduq. Yanvarın anası Əzəm xanım (mən ona nənə deyirdim) məni görən kimi bəyənmişdi: "Bu qız xoşuma gəldi, bunu Yanvara alacağam", - demişdi. Ailə qurandan sonra onunla Nərimanov rayonunun Ağa Nemətulla küçəsində yaşamağa başladıq. O qədər xoşxasiyyət, mehriban adam idi ki, həmişə Allaha şükür edirdim ki, mənə ailə qədri bilən belə bir insan qismət edib. 1988-ci ilin mart ayında oğlumuz dünyaya gəldi. Ancaq heç oğlumun 40 günü tamam olmamış onu Çernobıla göndərdilər. Mən onda da tək qadın körpə ilə bir yerdə qaldım. Oradan qayıdandan sonra isə elə bir şüa aldı ki, günü-gündən zəifləməyə başladı. Sonra da işini dəyişmək məcburiyyətində qaldı.
- Əgər sizin üçün çətin deyilsə, o gecəni necə xatırlayırsınız?
- Mən heç vaxt həmin günləri yadımdan çıxara bilmirəm. O hadisələr heç vaxt mənim gözümün qarşısından getmir. O gecə Azərbaycanın azadlığı uğrunda xalıqımızın cəsur övladları şəhid oldular. Mənim həyat yoldaşım Yanvar Nəsirov da bu şəhidlərdən biridir. Həyat yoldaşım şəhid olanda oğlum Həsənin hələ heç iki yaşı da yox idi. "20 yanvar" faciəsi ərəfəsində Bakı təlatüm içərisində idi. O vaxtlar çox qarışıq vaxtlar idi. Bu qarışıq vaxtlarda həyat yoldaşım həmişə insanların arasında olurdu. 1990-cı il yanvar ayının 19-da həyat yoldaşım işdən evə gəldi, yeməyini yeyəndən sonra dedi ki, mən gedirəm görüm hadisələr nə yerdədir. Ona dedim ki, heç olmasa bu gün getmə, soyuqlamısan, xəstəsən. Dedi ki, yox, mən dayana bilmərəm, vəziyyətdən xəbər tutum sonra qayıdıb gələrəm. Bizi evdə tək qoyub getdi. Yoldaşım bilirdi ki, mən tək qalmaqdan çox qorxuram. Ona görə də, gedəndə qapını bağlayıb açarı qonşuya (o həm də mənim qaynım idi) verdi. O gedəndən sonra saat 10-da oğlumu yatızdırdım. Mən uşağı yatızdıranda özümü də yuxu tutdu. Birdən hay-küy səsinə oyandım. Təxminən saat 12-yə qalırdı. Elə bil yer-göy dağılırdı. Əvvəl elə bildim ki, zəlzələdir. Tez durub qapıya tərəf qaçdım. Sonra yadıma düşdü ki, qapı bağlıdır. Divarları döydüm ki, qonşuları oyadım. Təbii ki, o vaxt çox adam yatmışdı. Qonşular səsimə gəldilər. Dedilər nə olub, dedim ki, eşitmirsiniz, dünya-aləm dağılır. Qonşularla həyətə düşdük. Güllələr göydən yağış kimi yağırdı. Bir tərəfdən də, ağlaşan kim, qışqıran kim. Səs-küydən adama elə gəlirdi ki, dünyanın sonudur. Təxminən saat 1-ə işləmişdi və biz hələ də həyətdə idik. Bu vaxt oğlum elə yanıqlı səslə oyandı ki... Tez onun yanına qalxdım və çox çətinliklə onu yatızdırdım. Sonra öyrəndim ki, yoldaşım elə uşaq oyanıb ağlayan vaxt güllə ilə vurulub. Sanki o, atasının vurulmasını körpə qəlbi ilə hiss etmişdi. Mən oğlumu yatızdırandan sonra yenə həyətə düşdüm. Artıq saat 2-yə işləyirdi. Hamı öz gedənini gözləyirdi. Qonşulardan artıq bir-bir, iki-iki qayıdanlar var idi. O bilirdi ki, mən çox narahat insanam. Əgər gedənlər gəlmişdisə, o da gəlməli idi. Səhərə qədər onun yolunu gözlədim. Mən gedənlərin gəldiyini görüb, vəziyyətin nə yerdə olduğunu anladım. Ona görə də, fikirləşdim ki, ya bu insan yaralıdır, ya da ona nə isə olub. Yoxsa, o harada olsaydı, mənə xəbər verərdi. Artıq səhər açılmışdı, ancaq şəhərdə sükut var idi. Hər yerdə qorxu hiss olunurdu. Üstəlik, o vaxt informasiya mənbəyi də yox idi. Telestansiyanı partlatdıqları üçün heç kim heç yerdən informasiya ala bilmirdi. Yoldaşımı bütün xəstəxanalarda axtardılar. O vaxt komendant saatı var idi. İstədiyin yerə istədiyin vaxt mümkün deyildi. İki gün axtarandan sonra Kaspar xəstəxanasında (indiki Mərkəzi Dənizçilər Xəstəxanası) tapdılar. Evə gətirəndən sonra bir gün evdə qaldı. Biz onu rayonumuzda dəfn etmək istəyirdik. Ancaq bizim dövlət nümayəndələrimiz gəldilər və dedilər ki, xalqımızın azadlığı uğrunda şəhid olanlar Şəhidlər Xiyabanında dəfn olunmalıdırlar. Yanvar ayının 22-si şəhidlərin hamısı dəfn olundular. Bütün xalq şəhidləri izdihamla yola saldı. Həmin anlar mənim ömrümdən bir ömür aldı. Açılan səhərə baxmayaraq həmin gün bizim ailə və Azərbaycan xalqı üçün qanlı yanvar gecəsi olaraq yaddaşımıza həkk olundu. Bir şeyi də deyim ki, həmin gün Yanvarla birlikdə avtobusla onlarla insan getmişdilər. Çünki onlar hər axşam belə yığışıb gedirdilər. Həmin gün avtobus gedəndə Yanvar avtobusa gecikir, sonra çox çətinliklə saxlatdırır ki, mən də getmək istəyirəm. Ona deyirlər ki, bu gün getmə, sabah gələrsən. O da deyir ki, yox, mən də getməliyəm, burada xəbərsiz qala bilmərəm. Beləcə hamısı yığışıb gedirlər.
- Bu gün Yanvar Nəsirovun vətəni də, yəni Ağdamın Gülablı kəndi də işğal altındadır...
- Doğrudur. Mən 1990-cı ildə həyat yoldaşımı itirdimsə, 1993-cü ildə elimi-obamı itirdim. Qohumlarım hamısı Qarabağda idilər, gəldilər. Onlar üçün köçkün həyatı başladı. Bir sözlə, mənim öz dərdim özümə yalan oldu. Mən 2 otaqlı evimdə 25 nəfər adam saxlamışam. Həddindən artıq çətin günlər idi. Mən Bakıda yaşayanda rayondakılar mənə kömək edirdilər. Sonra onlar da bura gəldilər, artıq mənim üçün daha çətin oldu. 5 il müddətində biz onları yerləşdirdik. Bildiyiniz kimi, o vaxt rayonlar çox varlı yaşayırdılar. Onların o cür şəraitdən gəlib bu çətinlikdə yaşamaları çox acınacaqlı idi. Yanvar çox vətənpərvər insan idi, anaya, bacıya, vətənə can yandıran insan idi. Ürəyi vətən sevgisi ilə döyünürdü. Anadan olduğu kəndi çox sevirdi. Məzuniyyət vaxtı çatan kimi kəndə anasına baş çəkməyə gedirdi. Yəqin ki, yoldaşım sağ olsa idi, Qarabağ müharibəsinin də ön sıralarında olardı.
- Sizin də dediyiniz kimi, Yanvar Nəsirov özündən sonra bir oğul payı qoyub getdi...
- Doğrudur. Oğlumuz Həsən dünyaya gələndə hamı çox sevinirdi. Əlbəttə ki, ən çox sevinən də Yanvar idi. Baxdım ki, nənə də sevinir, ancaq sevinclə yanaşı, həm də gözlərindən yaş axır. Özümü saxlaya bilməyib dedim: "Ay nənə, sən niyə ağlayırsan?" Dedi ki, ay qızım, sevinirəm ona görə ki, oğul nəvəm dünyaya gəlib. Qorxuram ona görə ki, Yanvar oğluna Həsən adını vermək istəyir. Mən maraqlandım ki, nə olar Həsən adını qoyanda. Dedi ki, Həsənin atası uşaq ikən vəfat edib, uşaq yetim qalıb. Deyirəm, görəsən, bu adın düşər-düşməzi olmaz ki? Hər halda Allah bilən məsləhətdir. Mən eləcə ürəyimə gəldi deyə bunu dedim". Əzəm nənə dediyini dedi. Ancaq sonra qohum-əqraba bunu unudub doyunca sevindilər, şadyanalıq etdilər. Mən haradan biləydim ki, Həsən də o əvvəlki Həsənin taleyini yaşayacaq, o da ata həsrəti çəkəcək. Ancaq mənim övladım da həmin vətənpərvər atanın övladıdır. O da atası kimi çox vətənpərvər insandır. O da atası kimi vətən yolunda canını fəda etməyə hazırdır. Mən vətən yolunda ailə başçımı itirdiyim kimi, övladımı da vətənpərvərlik ruhunda böyütdüm. Bir şey var ki, mən hələ oğul toyu görməmişəm. İndi mənim həyat yoldaşım həyatda olsaydı, bəlkə də oğlumuzu çoxdan evləndirmişdi. Amma mən tək qadın üçün çox çətindir.
- "20 yanvar" faciəsinin baş verməsindən 27 il ötür. İllər bizi bu tarixdən uzaqlaşdırdıqca daha çox hansı hissləri keçirirsiniz?
- Qanlı Yanvar faciəsi Azərbaycan xalqının vətənpərvərlik hissini, mübarizə əzmini boğa bilmədi. İllər keçsə də, yenə də bu hiss ölmədi. Çünki Azərbaycan xalqı torpağına bağlı bir xalqdır. Dövlətimiz torpaqlarımızın qaytarılması üçün çox böyük siyasət yürüdür. Bu gün o torpaqlar üçün ürəyim parçalanır. Çünki o torpaqların hər nazını, nemətini görüb bu gün onun həsrəti ilə yaşamaq çox çətindir. Artıq Azərbaycan xalqı 25 ildir ki, azadlığını qazanıb. Bu azadlıq şəhidlərimizin qanı bahasına başa gəlib. İnşallah torpaqlarımızı geri qaytaracağımız gün şəhidlərimizin də qanını almış olacağıq. Bir şeyi də deyim ki, "20 yanvar" faicəsində 147 şəhid ailəsi var idisə, indi bu gün bu say azalıb. Elə ailələr var ki, dünyalarını dəyişiblər. Hazırda isə cəmi 90 ailədən ibarət şəhid ailəsi var. Bu ailələrdə yaşlı analarımız var ki, çox acınacaqlı həyat yaşayırlar. Əvvəllər bizim ailələrə daha çox qayğı göstərilirdi. Hər il bizi qəbul edir, qayğılarımızla maraqlanırdılar. O vaxtkı Respublika, indiki Heydər Əliyev sarayında bizim ailələrimizi yığır, tədbirlər keçirirdilər. Düzdür, bügünkü gündə də bizim dövlətimizin problemləri az deyil. Ancaq mən istərdim ki, bu ailələrdə olan yaşlı ata-analara diqqət və qayğı göstərilsin. Bir sözlə, biz qanadı sınmış insanlarıq, bizə qayğı və diqqət olsa idi, çox yaxşı olardı.
Rasim Məmmədli
20 Yanvar şəhidi YANVAR NƏSİROVUN xanımı Almara Nəsirova