
ABŞ Beynəlxalq Ticarət Məhkəməsi ABŞ administrasiyasının idxal olunan mal və xidmətlərə 10 faizlik tarif qərarını ləğv edib.
Yeniavaz.com xəbər verir ki, qərar məhkəmənin onlayn məlumat bazasında dərc edilib.
“İdxala müvəqqəti olaraq əlavə rüsumlar tətbiq edən 20 fevral tarixli 11012 nömrəli fərman qanuna zidd olduğu üçün etibarsız elan edilsin”, - qərarda qeyd edilib.
Məhkəmə ABŞ administrasiyasına hökmü beş gün ərzində yerinə yetirməyi tapşırıb. Cavabdeh həmçinin idxalçılara əmrin qüvvədə olduğu müddət ərzində ödənilmiş rüsumları geri qaytarmalıdır. İddiaçılar arasında təxminən iyirmiyə yaxın ştat var. Onlar iddia edirlər ki, tariflərin əsasını təşkil edən qanunun 122-ci maddəsi bu məqsədlər üçün tətbiq edilməməlidir.
Fevralın 20-də ABŞ Ali Məhkəməsi Ağ Evin hazırkı rəhbərinin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa (IEEPA) riayət etmək bəhanəsi ilə digər ölkələrə idxal tarifləri tətbiq etməsinin səlahiyyətdən sui-istifadə olduğuna qərar verib. Eyni zamanda, məhkəmə Amerika administrasiyasının artıq rüsum şəklində ödənilmiş pulu geri qaytarıb-qaytarmamalı olduğunu aydınlaşdırmayıb. Bundan sonra ABŞ lideri bütün ölkələrdən idxal edilən bütün mallara 10% tarif tətbiq edən fərman imzalayıb. Daha sonra Tramp onları 15%-ə qaldırmaq niyyətində olduğunu elan edib. ABŞ idxalına 10%-lik qlobal tariflər 24 fevralda qüvvəyə minib. Bu tədbirlərin 150 gün davam etməsi nəzərdə tutulurdu.
Tətbiqimizi yükləyə bilərsiniz