
“Aston Villa”nın baş məşqçisi Unai Emeri “Real Madrid”in baş məşqçisi vəzifəsinə potensial namizəd kimi nəzərdən keçirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “talkSPORT” radiosu məlumat yayıb.
Məlumata görə, İspaniya klubunun rəhbərliyi 54 yaşlı mütəxəssisi hazırkı məşqçinin yerinə namizədlərin qısa siyahısına daxil edib və o, aparıcı variantlardan biridir.
Emeri 2022-ci ilin payızında “Aston Villa”nı idarə etməyə başlayıb və onun ingilis klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. Bununla belə, ispaniyalı mütəxəssisin, xüsusən də Birminqxem klubunun maliyyə məhdudiyyətlərini nəzərə alsaq, “Real Madrid”də işləməkdə maraqlı ola biləcəyi qeyd edilib.
Qeyd edək ki, “Aston Villa” hazırda Premyer Liqada 35 oyundan 58 xalla beşinci yerdədir.
Komanda həmçinin Avropa yarışlarında mübarizəni davam etdirir. Onun Avropa Liqasının yarımfinalındakı rəqibi “Nottinqem”dir. İlk oyun “Aston Villa”nın 0-1 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavab oyununun mayın 7-də keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Emeri əvvəllər İspaniya çempionatının klublarına rəhbərlik edib. Təcrübəli mütəxəssis “Almeriya”, “Valensiya”, “Sevilya” və “Vilyarreal” klublarının baş məşqşisi olub.
Tətbiqimizi yükləyə bilərsiniz