"Cari ildə atılacaq addımlar on minlərlə yeni iş yerinin açılmasına imkan verəcək" - Nazir

"İqtisadi şaxələndirmənin genişlənməsinə yönələn dövlət investisiya layihələrinin icrası, tranzit potensialının artırılması, yeni sənaye parklarının və zonalarının yaradılması, inşaat sektorunun inkişafı və bunun nəticəsində tikinti materialları istehsalı sektorunun canlanması və s. istiqamətlərdə cari ildə də atılacaq addımlar on minlərlə yeni iş yerlərinin yaranmasına imkan verəcək". Yeniavaz.com saytının xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi zamanı nazir Səlim Müslümov deyib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Yeniavaz.com saytına verilən məlumata görə, nazir bildirib ki, bu amillərlə yanaşı, ənənəvi kənd təsərrüfatı sahələri üzrə istehsalın artırılması üçün tədbirlərin davam etdirilməsi ilə əmək resurslarının səmərəli məşğulluğunun təminatının, ölkənin əmək bazarında müsbət proseslərin sürətlənməsi müşahidə olunacaq.

Nazirin sözlərinə görə, keçən il dövlət təşkilatlarında on minlərlə iş yerinin yaradılması və bu iş yerləri üzrə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında xüsusi önəm kəsb edib: "Həmin iş yerlərinə göndərişlərin verilməsi prosesinin şəffaf şəraitdə həyata keçirilməsi üçün bu prosesə ciddi nəzarət olunub. Təqdim olunmuş vakansiyalar üzrə ilk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğunun təminatına üstünlük verilib. Cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması nəzərdə tutulub. Artıq bu prosesə, eləcə də məşğulluq orqanlarına məlumatların təqdim olunmasına başlanılıb".

Səlim Müslüov özünüməşğulluq proqramının icrasına başlanmasını ötən il sosial sahədə önəmli tədbirlərdən biri kimi vurğulayıb: "Ölkənin 76 rayon və şəhəri üzrə bu proqramda iştirak etmək istəyən işsiz və işaxtaran vətəndaşlar biznes bilik və bacarıqlarına yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb ediliblər. Ötən ilin noyabr ayının əvvəlindən kursları başa çatdıranlar üçün qiymətləndirmə prosesinə başlanılıb və hazırda davam etdirilir. İndiyədək qiymətləndirmədən keçənlərdən 600 nəfərə yaxın vətəndaşın biznes-planları uğurlu hesab olunub və onlara sertifikatlar verilib".

İclasda nöqsan və çatışmazlıqlardan da bəhs olunub. Fəaliyyətində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. Qarşıda duran vəzifələr müzakirə olunub və nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

DİGƏR XƏBƏRLƏR

Top